Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi fonunda Nikol Paşinyan Entoni Blinken, Vladimir Putin və Emmanuel Makronla telefon danışığı aparıb

10:28, 13.09.2022

 
Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi fonunda Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi Entoni Blinken, Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.

Erməni mətbuatının Nikol Paşinyanın ofisinə istinadən yazdığı məlumatda, Blinkenlə söhbət zamanı Nikol Paşinyanın ona “Azərbaycanın Ermənistanın suveren ərazisinə təcavüzü nəticəsində yaranmış vəziyyət” barədə məlumat verdiyi deyilir. Ermənistanın baş naziri ABŞ dövlət katibinə bildirib ki, cari hərbi aktivliklər səbəbilə Ermənistan tərəfi Rusiyaya, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və BMT Təhlükəsizlik Şurasına müraciət etmək barədə qərar qəbul edib. Bu kontekstdə Ermənistanın baş naziri beynəlxalq ictimaiyyətin adekvat reaksiyasına ümid etdiyini açıqlayıb.

Digər tərəfdən, erməni tərəfinin yaydığı məlumatda, Blinkenin yaranmış vəziyyətdən dərin narahatlığını ifadə etdiyi və vəziyyətin daha da gərginləşməsinin qəbuledilməz hesab etdiyi deyilir. Vaşinqton vəziyyəti sabitləşdirmək üçün səy göstərməyə hazır olduğunu bildirib.

Nikol Paşinyanın mətbuat xidməti tərəfindən yayılan məlumatda bildirilir ki, Ermənistanın baş naziri Vladimir Putin və Emmanuel Makronla telefon danışığı zamanı onlara “Azərbaycan SQ-nin Ermənistanın suveren ərazisinə qarşı, artilleriya və iri çaplı silahlardan atəş açılması ilə müşayiət olunan təxribat xarakterli təcavüzkar hərəkətləri” barədə ətraflı məlumat verib. Paşinyan Azərbaycan tərəfinin hərəkətlərini qəbuledilməz adlandırıb və beynəlxalq ictimaiyyətin adekvat reaksiyasının vacibliyini vurğulayıb.

Prezident Makron isə öz növbəsində gərginliyin daha da artmasını qəbuledilməz adlandırıb və vəziyyətin yumşaldılmasının vacibliyini vurğulayıb.

Oxşar