Ermənistan-Azərbaycan sərhədində qarşılıqlı atışma davam edir, tərəflər bir-birini təxribatda ittiham edirlər
Ermənistan-Azərbaycan sərhədində intensiv qarşılıqlı atışma davam edir, sərhədin bəzi hissələrində mövqe toqquşmaları gedir. Bu barədə erməni mətbuatı tərəfindən yayılmış Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin bəyanatında deyilir.
“Azərbaycan tərəfinin genişmiqyaslı təxribatı nəticəsində başlayan intensiv qarşılıqlı atışma davam edir. Ermənistan Silahlı Qüvvələri proporsional cavab verir”-deyə Ermənistan Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Ermənistan Müdafiə Nazirliyinin məlumatına əsasən, “qarşı tərəf Vardenis, Sotk, Ardaniş, İşxanasar, Qoris və Kapan istiqamətində artilleriya, minaatan, pilotsuz uçuş aparatları və iriçaplı silahlardan istifadə edir və onun hədəfi nəinki hərbi, həm də mülki infrastrukturdur”.
Ermənistan Müdafiə Nazirliyindən verilən məlumatda, erməni tərəfində itkilər barədə məlumatların dəqiqləşdirildiyi deyilir. Nazirlik yaranmış vəziyyətə görə Azərbaycanın hərbi-siyasi rəhbərliyinin məsuliyyət daşıdığını bildirir.
Ermənistanın ombudsmanı Kristina Qriqoryan Azərbaycan tərəfinin təcili yardım maşınına atəş açdığını bildirir, Azərbaycan tərəfi bunu təkzib edir və Ermənistanı təxribat xarakterli dezinformasiyada ittiham edir.
“Biz təsdiq edirik ki, Azərbaycan ordusunun əks tədbirləri Ermənistan silahlı qüvvələrinin atəş nöqtəsi olan legitim hərbi hədəflərə qarşı yönəlmişdir”- deyə Azərbaycan Müdafiə Nazirliyindən açıqlanıb.
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfini Laçın, Daşkəsən və Kəlbəcər rayonlarında təxribat törətməkdə ittiham edir və Azərbaycanın Ermənistan ərazisinə təcavüzü ilə bağlı məlumatları qəti şəkildə təkzib edir.
“Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti və texnikası hələ də Azərbaycanın Qarabağ iqtisadi zonasındadır. Ermənistanın genişmiqyaslı təxribatına cavab olaraq Azərbaycan ordusu lokal tədbirlər həyata keçirir və atəş nöqtələrini zərərsizləşdirir” – deyə Azərbaycan Müdafiə Nazirliyindən qeyd edilib.