Entoni Blinken – Rusiya Ukrayna ilə sülh danışıqlarında maraqlı deyil
Rusiya Ukrayna ilə sülh danışıqlarında maraqlı deyil-bu barədə ABŞ dövlət katibi Entoni Blinken “CBS” nəşrinə müsahibəsində açıqlayıb.
ABŞ dövlət katibi Rusiya prezidenti Vladimir Putinin döyüş meydanında qalib gələ bilmədiyini, bu səbəbdən də qəzəbini Ukrayna vətəndaşlarına yönəltdiyini qeyd edib. Blinken Ukrayna prezidenti Volodimir Zelenskinin “Sülh formulu”nu təqdim etməsindən sonra da Putinin təcavüzün miqyasını artırdığını bildirib.
“Tərəflər və bu halda Rusiya həqiqətən mənalı diplomatiyada maraqlıdırsa, diplomatiya həmişə vacibdir. Bu yaxınlarda gördüklərimiz bunun tam əksidir. Prezident Zelenski dünyanın aparıcı iqtisadiyyatları olan “Böyük İyirmilik” ölkələrinə sülhə doğru necə irəliləmək barədə təklif təqdim etdikdən sonra Vladimir Putin nə etdi? O, daha çox qüvvə toplamaq, Ukrayna ərazilərini ilhaq etmək kimi etdiyi hər şeyi iki-üç dəfə artırdı və indi qışdan silah kimi istifadə etməyə çalışır. O, döyüş meydanında qalib gələ bilməyib, ona görə də qəzəbini və atəşini əsasən enerji infrastrukturunu hədəfə alaraq Ukraynanın dinc sakinlərinə yönəldir. İşıqları, istiliyi, elektrik enerjisini söndürməyə çalışır. Baş verənlər məhz budur. Beləliklə, Putin həqiqətən mənalı diplomatiya ilə maraqlandığını nümayiş etdirməyincə, çətin ki, nəsə nəticələnsin” – deyə Entoni Blinken açıqlayıb.