Entoni Blinken İsrail və Fələstini zorakılığa son qoymağa və Fələstinin İsraillə yanaşı müstəqil dövlət kimi mövcud olacağı iki dövlət ideyasını qəbul etməyə çağırıb
ABŞ dövlət katibi Entoni Blinken İsrail və Fələstini son zamanlar baş vermiş zorakılıqlara son qoymağa və Vaşinqton tərəfindən dəstəklənmiş təşəbbüsü-Fələstinin İsraillə yanaşı müstəqil dövlət kimi mövcud olacağı iki dövlət ideyasını qəbul etməyə çağırıb.
Entoni Blinken Yaxın Şərq turu çərçivəsində Fələstindədir. ABŞ dövlət katibi Ramalada Fələstin lideri Mahmud Abbasla görüşüb.
Blinken, həmçinin Fələstinin BMT fondları vasitəsilə alacağı əlavə 50 milyon dollar maliyyə dəstəyini açıqlayıb. O, həmçinin fələstinlilərə dördüncü nəsil yüksək sürətli telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı razılıq əldə olunduğunu qeyd edib.
Mahmud Abbasla görüşdən əvvəl Blinken bir sıra fələstinli amerikalının məskunlaşdığı Ramala yaxınlığındakı Deyr Dibvan şəhərinə baş çəkib, yerli vətəndaş cəmiyyəti üzvləri və iş adamları ilə görüşüb.
Bu, Benyamin Netanyahunun İsrail hökumətinin başçısı vəzifəsinə qayıtmasından sonra Entoni Blinkenin Yaxın Şərqə ilk səfəridir. Bir gün əvvəl Blinken məhz Təl-Əvivə səfər edib.
Bayden administrasiyasında açıqlandığı üzrə, onlar Fələstində eks-prezident Donald Tramp administrasiyası tərəfindən bağlanmış konsulluğu bərpa etməyi planlaşdırırlar, lakin bunun nə vaxt baş verəcəyi hələ bilinmir.