“Enerqoatom” – Rusiya ordusu Cənubi Ukrayna atom elektrik stansiyasının sənaye zonasına raket zərbələri endirib, şok dalğası elektrik stansiyasının binalarına ziyan vurub
Ukraynanın dövlət şirkəti “Enerqoatom” Rusiyanı Cənubi Ukrayna atom elektrik stansiyasını bombalamaqda ittiham edib. Bu barədə şirkət sosial şəbəkədə məlumat yayıb.
“Bu gün, 2022-ci ilin sentyabrın 19-da, saat 00:20-də Rusiya ordusu Cənubi Ukrayna atom elektrik stansiyasının sənaye zonasına raket zərbələri endirib. Cənubi Ukrayna atom elektrik stansiyasının reaktorlarından cəmi 300 metr aralıda güclü partlayış baş verib” -deyə məlumatda deyilir.
“Enerqoatom”da qeyd edirlər ki, zərbənin dalğası AES-in binalarına ziyan vurub, 100-dən çox pəncərəni sındırıb. Bununla yanaşı, Cənubi Ukrayna enerji kompleksinə daxil olan Aleksandrovskaya su elektrik stansiyasının hidroaqreqatı , eləcə də üç yüksək gərginlikli elektrik verilişi xətti də söndürülüb.
Onların məlumatına görə, stansiyanın əməkdaşları arasında xəsarət alan olmayıb.
Şirkətdən bildirilib ki, rusların nüvə terroru aktları bütün dünyanı təhdid edir və yeni fəlakətin qarşısını almaq üçün dərhal dayandırılmalıdır.