Parisdə Emmanuel Makronun və Mark Karninin görüşü keçirilib
Fransa prezidenti Emmanuel Makron Parisdə Kanadanın yeni baş naziri Mark Karni ilə görüşüb. Bu, Mark Karninin baş nazir kimi xaricə ilk səfəridir.
Kanada baş nazirinin Makronla görüşündə qeyd etdiyi kimi, Kanada üçün Fransa kimi etibarlı müttəfiqlərlə münasibətləri gücləndirmək həmişəkindən daha vacibdir.
“Biz həm suverenliyi, həm də təhlükəsizliyi dəstəkləyirik ki, bu da sizin rəhbərliyinizlə Ukraynaya sarsılmaz dəstəyimizdə əks olunur. Bu gün biz bu prinsipin dünyada getdikcə daha çox hökumət tərəfindən rədd edildiyini gördüyümüz üçün Kanadanın Fransa kimi etibarlı müttəfiqləri ilə əlaqələrini gücləndirməsi hər zamankindən daha vacibdir”, – Mark Karni bildirib.
Öz növbəsində Fransa prezidenti Emmanuel Makron bildirib ki, beynəlxalq qaydalara uyğun ticarət rifah üçün tariflərdən daha təsirli vasitədir.
“Düşünürəm ki, hər ikimiz beynəlxalq qaydalara hörmət edən ədalətli ticarətin hər kəsin rifahı üçün yaxşı olduğuna inanırıq. Əlbəttə, bu, inflyasiya yaradan və istehsal zəncirlərinə, iqtisadiyyatımızın inteqrasiyasına zərər vuran tariflərdən daha effektivdir”, – Makron bildirib.
Bu gün Mark Karni Parisdən Londona səfər edəcək.
Emmanuel Makron və Mark Karni arasında Fransada görüş Kanada və Avropa İttifaqının ABŞ ilə gərgin ticarət münasibətləri fonunda baş tutub.