Emmanuel Makron bildirib ki, Donald Tramp Qəzzada atəşkəslə bağlı yeni razılaşmanın əldə olunmasına vasitəçilik etməkdə qətiyyətlidir
Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampın Qəzzada yeni atəşkəsə vasitəçilik etməkdə “çox qətiyyətli” olduğunu bildirib.
Emmanuel Makron Donald Trampla telefon danışığından sonra qeyd edib ki, ABŞ prezidenti Qəzza üçün “atəşkəsin vacibliyini çox yaxşı anlayır”.
“Düşünürəm ki, onun bu məsələdə iştirakı həlledicidir”, – Makron bildirib.
Bununla yanaşı, Fransa prezidentinin dediyinə görə, ABŞ-ın İranın nüvə obyektələrinə hücumları “həqiqətən effektiv” olub, lakin “ən pis ssenari” İranın nüvə silahlarının yayılmamasına dair müqavilədən tamamilə çıxması olacaq.
“Ən pisi, bu, İranın nüvə silahının yayılmaması müqaviləsindən çıxması ilə nəticələnəcək”, – Makron Brüsseldə keçirilən Avropa İttifaqı sammitindən sonra qeyd edib.
Bununla yanaşı, Fransa Prezident Administrasiyasının məlumatına görə, Donald Tramp və Emmanuel Makron telefon danışığı zamanı Yaxın Şərqdə cari hadisələrlə yanaşı, Ukrayna məsələsini də müzakirə ediblər.