Əlaqələrin normallaşdırılması məqsədilə Türkiyə və Ermənistan nümayəndələri görüş keçirir
Əlaqələrin normallaşdırılması məqsədilə Türkiyə və Ermənistan nümayəndələri görüş keçirir

Türkiyə və Ermənistan nümayəndələri münasibətlərin normallaşdırılması məqsədilə görüş keçirir. Bu barədə erməni və türk mediası yazır.

Görüş Ermənistan ərazisində keçirilir.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirir ki, Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç, erməni həmkarı Ruben Rubinyanla görüşüb.

Daha əvvəl Ruben Rubinyan qeyd edib ki, görüşdə gündəlikdə olan bütün məsələlər müzakirə edilməlidir. Cari danışıqlar sərhədin açılması və diplomatik münasibətlərin bərpası imkanlarına, həmçinin üçüncü ölkələrin vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhədin açılmasına yönələcək.

Kılıç görüşdən əvvəl bildirib ki, Ermənistan sərhədlərin açılması ilə bağlı istəyini ifadə edib, lakin irəliləyiş əldə olunana qədər texniki məsələlər həll olunmalıdır.

Xatırladaq ki, Ermənistan və Türkiyə arasında 30 ildən artıqdır ki, diplomatik əlaqələr kəsilib, həmçinin sərhədləri də bağlıdır. Tərəflər münasibətlərin normallaşdırılmasından 2020-ci ildə, 44 günlük müharibədən, yəni ikinci Dağlıq Qarabağ müharibəsindən sonra danışmağa başlayıblar.