Eçmiədzində Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə ruhani şəxslər arasında qarşıdurma baş verib
Eçmiədzində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə ruhani şəxslər arasında qarşıdurma baş verib. Bu barədə erməni mediası məlumat yayır.
Yayılan məlumata görə, bütün ermənilərin katolikosu ruhani şəxsləri sakitləşdirmək üçün Patriarxlığı tərk edib, bundan sonra Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları katolikos II Qareqini mühasirəyə alıblar.
Erməni mediası əraziyə çoxlu sayda polis qüvvələrinin də səfərbər edildiyini və vəziyyətin hələ də gərgin olduğunu yazır.
Bundan əvvəl Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapaxianiyə qarşı cinayət işinin başlandığı barədə məlumat yayıldı. Erməni mediasının məlumatına görə, baş arxiyepiskop Eçmiədzindədir.
Məlumat üçün bildirək ki, Ermənistanda hakimiyyətin ələ keçirilməsi cəhdi ilə bağlı istintaq aparılır. Ermənistan İstintaq Komitəsi “Müqəddəs Mübarizə” hərəkatını terror aktı hazırlamaqda və hakimiyyəti ələ keçirməyə cəhd etməkdə ittiham edib. İstintaq çərçivəsində baş arxiyepiskop Baqrat Qalstanyan terrorizmi hazırlamaqda, kütləvi iğtişaşları təşviq etməkdə və hakimiyyəti ələ keçirməkdə ittiham olunub. Həmçinin, Ermənistanın Şirak yeparxiyasının rəhbəri, baş arxiyepiskop Mikael Acapaxiani barəsində cinayət işi açılıb.
Bununla yanaşı, hakimiyyətin ələ keçirilməsi cəhdi ilə bağlı istintaq çərçivəsində iş adamı Tiqran Qalstyan və polkovnik Miqran Maxsudyan saxlanılıb.