Edqars Rinkeviçs – Latviyanın qismən səfərbərlikdən qaçan Rusiya vətəndaşlarının ölkəyə buraxılmaması ilə bağlı qərarı düzgün idi, çünki qaçanların əksəriyyəti Ukraynadakı müharibəni dəstəkləyir
Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs bildirir ki, Latviyanın qismən səfərbərlikdən qaçan Rusiya vətəndaşlarının ölkəyə buraxılmaması ilə bağlı qərarı düzgün idi, çünki qaçanların əksəriyyəti Ukraynadakı müharibəni dəstəkləyir. Bu barədə latviyalı diplomat Neatkariga Rita Avize nəşrinə müsahibəsində bildirib. Rinkeviçs Rusiya əhalisinin əksəriyyətinin Rusiyanın Ukraynadakı hərəkətlərini dəstəklədiyini bildirib.
“Səfərbərlikdən yayınmaq üçün Rusiyadan qaçanları Latviyaya buraxmamaq qərarımız düzgün idi. Gürcüstan kimi Avropa İttifaqına üzv olmayan ölkələr qaçanları qəbul edib və orada onların sayı çoxdur, müxtəlif hesablamalara görə 100 mindən çox insan var. Bu, müəyyən çağırışlar yaradır. Bu insanların müharibənin əleyhinə olmadıqları bizə aydın idi, onlar özlərinin müharibədə iştirakına qarşıdırlar və bu, tamamilə başqa şeydir” -deyə Latviyanın xarici işlər naziri açıqlayıb.
Bununla yanaşı, Edqars Rinkeviçs Rusiyada baş verənlərdən artıq narazı olan cəmiyyətin müəyyən qruplarının olduğunu qeyd edib.
“Səfərbərlik baş tutdu, lakin gözlənilən nəticəni vermədi. İqtisadi baxımdan bir çox sanksiya yalnız indi qüvvəyə minir, çünki onların keçid müddəaları var idi. Cəmiyyətin müəyyən səviyyəsində bəzi tektonik təkanların başlaması onların tam zəlzələ səviyyəsinə çatması mənasına gəlmir” -deyə Rinkeviçs açıqlayıb.