Gürcüstanın aviasiya bazarında "Edelweiss Air" aviaşirkəti fəaliyyətə başlayır
Cari ilin yay naviqasiya mövsümündən etibarən Tbilisi Beynəlxalq Hava Limanına daha bir yeni marşrut əlavə olunacaq. Lufthansa Qrupuna daxil olan İsveçrə aviaşirkəti olan “Edelweiss Air” Sürix-Tbilisi-Sürix hava xətti üzrə uçuşlar həyata keçirəcək. Bu barədə Mülki Aviasiya Agentliyi məlumat yayır.
Mülki Aviasiya Agentliyinə təqdim olunan müraciətinə müvafiq olaraq, aprelin 12-dən etibarən uçuşlar həftədə iki dəfə, hər çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək.
Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin (İctimai hüququn hüquqi şəxsi) Mülki Aviasiya Agentliyi tərəfindən aviaşirkətə uçuşların həyata keçirilməsi üçün lazımi icazə cari ilin martın 20-də verilib.
“Edelweiss Air”, istirahət və səyahət etmək istəyənlərə turizm istiqamətləri təklif etməyə yönəlib. Aviaşirkətin Gürcüstanın aviasiya bazarına daxil olması Gürcüstan və İsveçrə arasında səyahəti daha əlçatan edəcək və Avropadan turist axınının artmasına töhfə verəcək.