Düşen əzələ distrofiyası olan xəstələr üçün nəzərdə tutulmuş “Givinostat” dərmanı gələn həftə artıq Gürcüstanda olacaq
Düşen əzələ distrofiyası olan xəstələr üçün nəzərdə tutulmuş “Givinostat” dərmanı gələn həftə artıq Gürcüstanda olacaq, – bu barədə Gürcüstanın işğal olunmuş ərazilərdən olan məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri Mixeil Sarcveladze bildirib.
Sarcveladzenin dediyinə görə, “Italfarmaco” ilə əməkdaşlıq çərçivəsində müxtəlif hazırlıq işləri həyata keçirilib və dərmanın istifadəsinə mümkün qədər tez başlamaq üçün hər şey hazırdır.
“İctimaiyyətə məlumdur ki, bu ilin 31 iyul tarixində Gürcüstan tərəfindən “Givinostat” dərmanının satın alınması ilə bağlı həmin preparatın istehsalçısı olan İtaliyanın “Italfarmaco” şirkəti ilə müqavilə imzalanıb. Bu gün növbəti şad xəbərimiz var – “Givinostat”ın Gürcüstana göndərildiyini təsdiq edən aviasiya yük qaiməsi də təqdim edilib. Bununla da dərmanın artıq gələn həftənin əvvəlində Tbilisidə olacağı təsdiqlənir.
İndiyə qədər “Italfarmaco” ilə əməkdaşlığımız çərçivəsində intensiv hazırlıq işləri həyata keçirilib; o cümlədən pasiyentlər haqqında məlumatlar maksimum dəqiqliklə qeydə alınıb, xüsusi reyestr yaradılıb, müvafiq qayda təsdiqlənib, xarici mütəxəssislər tərəfindən həkimlərin təlimləri keçirilib və dərmanın real praktikada mümkün qədər tez istifadəsinə başlamaq üçün hər şey hazırdır”, – deyə Mixeil Sarjveladze bildirib.
Bununla yanaşı, Mixeil Sarcveladze əməkdaşlığa görə “Italfarmaco” şirkətinə təşəkkür edib.
“Fürsətdən istifadə edərək, valideynlər də daxil olmaqla, hər kəsin adından “Italfarmaco“ şirkətinə həqiqətən uğurlu əməkdaşlığa görə bir daha dərin təşəkkürümü bildirmək istəyirəm. Yaxın gələcəkdə dünya miqyasında nadir xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərmanlarla bağlı bir sıra mühüm qlobal tədbirlər keçiriləcək və biz orada da bu uğurlu əməkdaşlıq barədə mütləq çox danışacağıq. Biz əməkdaşlığa tam məsuliyyət və həvəslə qoşulan, dərmanın gürcü xəstələr üçün mümkün qədər tez və maksimum səmərəliliklə əlçatan olması üçün hər şeyi edən bir şirkətdən bəhs edəcəyik. Beləliklə, son vaxtlar müvafiq müəssisələrə müraciət etməmiş ola biləcək valideynləri nazirliyin 15 05 nömrəsinə zəng vurmağa və ehtiyac olduqda dərmanın istifadə detalları barədə zəruri məsləhətləri almağa çağırırıq”, – deyə Sarcveladze bildirib.