Dövlət Təhlükəsizliyi Xidməti İqtisadiyyat və Davamlı İnkişaf nazirinin keçmiş müavini Romeo Mikautadzeni saxlayıb
“Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində, vəzifə səlahiyyətlərindən sui-istifadə və milyonlarla lari məbləğində qanunsuz gəlirin leqallaşdırılması faktları ilə bağlı, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirinin sabiq müavini R. M. məhkəmə qərarı əsasında saxlanılıb. Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayır.
Qurumun məlumatına görə, 2017-ci ilin oktyabrın 3-dən 2024-cü ilin fevralın 9-dək olan dövrdə R. M. müxtəlif yüksək vəzifələrdə, o cümlədən dövlət-siyasi vəzifələrdə çalışıb.
“Aparılmış istintaqla hazırkı mərhələdə müəyyən edilib ki, Romeo Mikautadze vəzifə səlahiyyətlərindən, tanışlıq dairəsindən və təcrübəsindən şəxsi mənfəət əldə etmək məqsədilə enerji sahəsində müxtəlif şəxslərə qanunsuz üstünlüklər vermək məqsədi ilə sui-istifadə edib. Bu şəxslərə qanunsuz yardım göstərilməsi müqabilində o, onlardan enerji şirkətlərində (HES-lərdə) müəssisənin paylarını alırdı və o, payları rəsmi olaraq etibar etdiyi şəxslərin adına qeydiyyata almışdı. Qeyd olunan qanunsuz fəaliyyət nəticəsində R. M. xüsusilə külli miqdarda gəlir əldə edib.
Bununla yanaşı, Romeo Mikautadze Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyində yüksək vəzifədə işlədiyi müddətdə vəzifə səlahiyyətlərindən ictimai maraqlara zidd olaraq, özünə və ya başqalarına fayda gətirmək məqsədilə sistemli şəkildə sui-istifadə etmiş və bununla dövlətin qanuni mənafeyinin ciddi şəkildə pozulmasına səbəb olmuşdur; Xüsusilə şəxsi mənfəət əldə etmək məqsədilə o, vəzifəsindən və ya onunla əlaqəli imkanlardan qanunsuz istifadə edərək müxtəlif şəxsləri dövlət vəya özəl təşkilatlarda qeydiyyata alırdı (bunu bəzən süni şəkildə də həyata keçirirdi), nəticədə isə maddi mənfəət və mülkiyyət dəyəri əldə edirdi.
İstintaqın hazırkı mərhələsində məlum olur ki, Romeo Mikoutadze yuxarıda qeyd olunan üsullar və onunla cinayət əlaqəsi olan şəxslərin köməyi ilə bir neçə milyon lari məbləğində qeyri-qanuni/sənədsiz gəlirin leqallaşdırılmasını həyata keçirib.
İstintaq davam edir və istintaq prosesində həm Romeo Mikautadzenin gəlirləri qanunsuz yollarla əldə etməsi barədə halları, həm də bu gəlirlərin leqallaşdırılması epizodları daha dəqiq müəyyən ediləcək. Yuxarıda qeyd olunan cinayət əməlləri ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 194-cü maddəsinin 3-cü bəndinin ‘Q’ altbəndi və 332-ci maddəsinin 2-ci hissəsi üzrə aparılır, bu isə cəza olaraq 9 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur”, – DTX-nin yaydığı məlumatda deyilib.