Donald Tramp Venesuela hərbi təyyarələri ABŞ gəmiləri üçün təhlükə yaradarsa, vuracağını bildirir
ABŞ prezidenti Donald Tramp bildirib ki, əgər Venesuelanın hərbi təyyarələri ABŞ gəmiləri üçün təhlükə yaradarsa, onlar vurulacaq.
Tramp bu bəyanatı, ABŞ rəsmi şəxslərinin “BBC”yə bildirdiyinə əsasən, Venesuela hərbi aviasiyası Cənubi Amerikanın sahilləri yaxınlığında yerləşən Amerika gəmisinə yaxınlaşdıqdan sonra verib.
Bundan əvvəl ABŞ, cinayətkar dəstələrin nəzarətində olan və Venesueladan üzən narkotiklə yüklü gəmiyə hücum etdiyini bildirib. Nəticədə 11 nəfər həlak olub.
Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın ölkəsinə qarşı ittihamlarının həqiqətə uyğun olmadığını və iki ölkə arasındakı fikir ayrılığının “hərbi münaqişəyə” haqq qazandırmayacağını bildirib.
“Venesuela hər zaman dialoqa, söhbətə hazır olub, lakin biz hörmət tələb edirik”, – deyə o qeyd edib.
2025-ci ilin yanvar ayında Tramp Ağ Evə qayıtdıqdan sonra Latın Amerikasında narkotiklərlə mübarizə səylərini gücləndirib.
Venesuela prezidenti ABŞ-ı hərbi təhdidlərlə ölkədəki rejimi dəyişməyə cəhd etməkdə ittiham edib.
Məlumat üçün bildirək ki, narkotik axınının qarşısını almaq məqsədilə ABŞ ordusu Karib dənizinin cənubunda əlavə qüvvələr yerləşdirib, bunlara hərbi gəmilər və minlərlə dəniz piyadası və dənizçi daxildir.
Ağ Evdə həmçinin Puerto-Rikoya on “F-35” tipli döyüş təyyarəsinin göndəriləcəyini bildiriblər.