Donald Tramp sosial şəbəkəsində Barak və Mişel Obamanı meymun kimi göstərən videonu qınayıb
Donald Tramp sosial şəbəkəsində Barak və Mişel Obamanı meymun kimi göstərən videonu qınayıb

ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə paylaşılan və sabiq prezident Barak Obama və həyat yoldaşı Mişel Obamanın meymun kimi təsvir edildiyi videonu qınayıb.

“Mən videonun yalnız birinci hissəsinə baxdım. Söhbət Corciyadakı seçici saxtakarlığından gedirdi. Mən bütün videoya baxmadım. Düşünürəm ki, sonunda insanların bəyənmədiyi bəzi görüntülər var idi. Mən də bəyənməzdim, amma izləmədim. Mən yalnız birinci hissəyə baxdım və yaxşı idi. Sonra onu xalqıma verdim. Adətən onlar videonu tam izləyirlər, amma kimlərsə baxmayıblar və paylaşıblar. Bunu bilən kimi onu sildik”, – deyə Donald Tramp jurnalistlərlə söhbəti zamanı qeyd edib.

Jurnalistlərin videonun məzmununu qınayıb-qınamadığı barədə sualına Donald Tramp müsbət cavab verib, lakin üzr istəməkdən imtina edib.

“Mən səhv etməmişəm. Mən çox şeyə, minlərlə şeyə baxıram”, – Tramp qeyd edib.

“Reuters” agentliyinin yazdığına görə, Donald Trampın sosial şəbəkəsində bir dəqiqəlik video paylaşılıb və orada Donald Trampın 2020-ci il seçkilərində saxtakarlıq nəticəsində məğlub olduğu deyilirdi. Videonun sonunda süni intellekt tərəfindən yaradılmış qısa klip də əlavə olunmuşdu, orada demokratik liderlər heyvanlar şəklində təsvir olunmuşdular.

“CNN”nin yazdığına görə, video Donald Trampın Truth Social-sosial şəbəkəsindəki səhifəsində təxminən 12 saat ərzində mövcud olub. Ağ Evdə bildirirlər ki, əməkdaş videonu səhvən sosial şəbəkədə yerləşdirib.