Donald Tramp - Si Dzinpin bildirib ki, Çin İrana hərbi texnika tədarük etməyəcək, o, bunu çox sərt şəkildə deyib
Si Dzinpin İrana hərbi texnika tədarük etməyəcəyinə söz verib, – bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News”a verdiyi müsahibədə bildirib.
ABŞ prezidentinin qeyd etdiyi kimi, danışıqlar zamanı Çin prezidenti Si Dzinpin İrana silah satmayacaqlarını sərt şəkildə bəyan edib.
“Çin onlara hərbi texnika tədarük etməyəcək. Bu, əhəmiyyətli bir bəyanatdır. Si Dzinpin bunu bu gün deyib. O, bunu sərt şəkildə söyləyib”, – deyə Tramp bildirib.
Bununla yanaşı, ABŞ Prezidenti qeyd edib ki, Si Dzinpin Çinin İranla iqtisadi əlaqələrinə, xüsusən də neft baxımından münasibətlərinə də diqqət yetirib.
“Çin öz neftinin böyük hissəsini İrandan alır, Si Dzinpin mənə bunu davam etdirmək istədiklərini deyib”, – Tramp qeyd edib.
ABŞ prezidentinin sözlərinə görə, Çin prezidenti İranın Hörmüz boğazından keçid üçün rüsum tələb etməsindən məyus olduğunu ifadə edib. Bununla yanaşı, Trampın sözlərinə görə, Si Dzinpin ona İranla razılaşmanın əldə olunmasına məmnuniyyətlə kömək edəcəyini bildirib.
“Prezident Si Dzinpin razılaşma əldə etmək istəyir. O deyib ki, “əgər hər hansı bir köməklik edə bilərəmsə, bunu etmək istəyirəm”. O, Hörmüz boğazının açılmasını istəyir”, – deyə Tramp bildirib.