Donald Tramp Rusiyaya qarşı sanksiyalara dair iki partiyalı qanun layihəsini dəstəkləyəcəyini bildirir, lakin ümid edir ki, bunu tətbiq etməyə ehtiyac qalmayacaq
Donald Tramp Rusiyaya qarşı sanksiyalara dair iki partiyalı qanun layihəsini dəstəkləyəcəyini bildirir. Paralel olaraq, o, ümid edir ki, ABŞ “bundan istifadə etmək məcburiyyətində qalmayacaq”.
ABŞ prezidenti “Fox News”la müsahibəsində bildirib ki, sanksiyalarla bağlı qanun layihəsinin qəbul edilməsi məsələsi tamamilə ona bağlıdır.” Donald Tramp həmçinin qeyd edib ki, Vaşinqton artıq Rusiyaya qarşı “sərt sanksiyalar” tətbiq edib.
“Mən bunu dəstəkləyirəm. Ümid edirəm ki, bundan istifadə etmək məcburiyyətində qalmayacağıq. Bilirsiniz, hazırda Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etmişik, Rusiya iqtisadiyyatı çox pis vəziyyətdədir. Amma o, Ukraynadan daha böyükdür. Bilirsiniz, o, daha böyük və güclü bir ölkədir”, – deyə Tramp qeyd edib.
Daha əvvəl ABŞ senatoru Lindsi Qrem Trampın Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsinə “yaşıl işıq yandırdığını” bildirdi. Onun sözlərinə görə, Senatın gələn həftə səs verə biləcəyi yeni sanksiyalar Rusiyaya müharibəni dayandırmaq üçün təzyiq göstərmək məqsədi daşıyır.
Məlumat üçün bildirək ki, qanun layihəsi, Rusiya prezidenti Vladimir Putinin müharibə maşınına pul axınının qarşısını almaq üçün Rusiyadan neft və qaz alan Çin və Hindistan kimi ölkələrə ikinci dərəcəli sanksiyalar tətbiq edəcək. Xüsusilə, sanksiyalar Rusiyanın enerji resurslarını, uranı və müəyyən digər mallarını alan ölkələr üçün 500%-lik tarifləri nəzərdə tutur.