Donald Tramp - Rusiya və Ukrayna dərhal atəşkəs və müharibənin dayandırılması ilə bağlı danışıqlara başlayacaq, şərtlər üzrə danışıqlar iki tərəf arasında aparılmalıdır
Rusiya və Ukrayna dərhal atəşkəs və müharibənin dayandırılması ilə bağlı danışıqlara başlayacaq, – bu barədə ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra sosial şəbəkədə yazır.
Trampın dediyinə görə, sazişin şərtləri üzrə danışıqlar iki tərəf arasında aparılmalıdır.
“Rusiya prezidenti Vladimir Putinlə iki saatlıq söhbəti yenicə bitirdi. Söhbətin çox yaxşı getdiyinə inanıram. Rusiya və Ukrayna dərhal atəşkəs və ən əsası, müharibənin dayandırılması ilə bağlı danışıqlara başlayacaq. Sazişin şərtləri üzrə danışıqlar iki tərəf arasında aparılmalıdır, çünki danışıqların başqalarına məlum olmayan təfərrüatlarını yalnız onlar bilir”, – Donald Tramp qeyd edir.
Onun söylədiyinə görə, Putinlə söhbətin tonu və ruhu əla olub.
“Əgər belə olmasaydı, bunu sonra deyil, indi deyərdim. Bu fəlakətli “qan tökülməsi” bitəndə Rusiya ABŞ-la geniş ticarət etmək istəyir və mən bununla razıyam. Rusiyanın çoxlu iş yerləri və sərvət yaratmaq üçün böyük imkanı var. Onun potensialı qeyri-məhduddur. Həmçinin Ukrayna ölkənin bərpası prosesində ticarətin əsas benefisiarına çevrilə bilər. Rusiya ilə Ukrayna arasında danışıqlar dərhal başlayacaq. Putinlə söhbətimdən sonra mən bunu artıq Ukrayna prezidenti Volodimir Zelenskiyə, Avropa Komissiyasının sədri Ursula fon der Laienə, Fransa prezidenti Emmanuel Makrona, İtaliyanın baş naziri Corcia Meloniyə, Almaniya kansleri Fridrix Mertsə və Finlandiya prezidenti Aleksandr Stubba çatdırmışam. Vatikan danışıqlara ev sahibliyi etməkdə çox maraqlı olduğunu bildirib. Qoy proses başlasın!”, – Donald Tramp yazır.