Donald Tramp Meksika və Kanadaya qarşı yeni rüsumların tətbiq olunacağını elan edib

10:36, 25.07.2026

ABŞ Prezidenti Donald Tramp Meksika və Kanadaya qarşı yeni rüsumların tətbiq olunacağını elan edib.

Trampın sözlərinə görə, Kanadaya qarşı iddialar ABŞ ərazisinə də yayılan meşə yanğınlarının tüstüsü ilə bağlıdır. Meksika ilə əlaqədar isə ABŞ Prezidenti son vaxtlar geniş yayılan qidadan zəhərlənmə hallarına diqqət çəkib və bunun Meksikadan ABŞ-a gətirilən məhsullardan baş verdiyini bildirib.

“Düşünürəm ki, salat yarpaqlarına görə Meksikaya, tüstüyə görə isə Kanadaya böyük rüsumlar tətbiq edəcəyik. Hansını seçərdiniz, salatı, yoxsa tüstünü? Mən tüstünü seçərdim. Kanadaya dedim ki, bu barədə bir tədbir görsünlər. Bizim heç vaxt belə bir problemimiz olmayıb. Kanada ilə bu problemi yaşamağa başladıq, ona görə də onlarla bu barədə danışmalı olacağıq”, – deyə ABŞ prezidenti bildirib.

Bununla yanaşı, Oval Ofisdə Donald Tramp Venesuela haqqında da danışıb. Jurnalist ABŞ prezidentindən Venesuelada seçkilər keçirmək planının olub-olmadığını soruşub.

“Onlar hələ seçkilərə hazır deyillər, lakin böyük tərəqqi əldə olunub. Hazırda Venesueladan çıxarılan neftin həcmi indiyə qədər olan ən yüksək səviyyədədir. Biz gəlməmişdən əvvəl bu ölkə artıq ölü vəziyyətdə idi. İndi isə Venesuela olduqca uğurlu bir dövlətə çevrilir”, – deyə ABŞ Prezidenti bildirib.

Məlumat üçün bildirək ki, ötən həftə Ontarioda tüğyan edən meşə yanğınları 735 min hektar ərazini əhatə edib. Meksikadan idxal olunan salat yarpağına gəlincə isə, ölkənin səhiyyə naziri David Kerşenobiçin bildirdiyinə görə, ABŞ-da parazit mənşəli xəstəliyin yayılmasına məhz Meksikadan idxal olunan salat yarpağının səbəb olduğuna dair hələlik heç bir sübut yoxdur. Mədə-bağırsaq sistemində kəskin problemlərə yol açan xəstəlik İndiana, Kentukki, Miçiqan, Ohayo və Qərbi Virciniya ştatlarında yayılıb – bütün yoluxma halları “Taco Bell” restoranlarında təqdim edilən salat yarpağı ilə bağlıdır. ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) məlumatına görə, təxminən 100 nəfər xəstəxanaya yerləşdirilib.

Oxşar