Donald Tramp - İranla münasibətlərimiz daha peşəkar və məhsuldar olur, lakin onlar başa düşməlidirlər ki, nüvə silahı, bomba hazırlaya və ya əldə edə bilməzlər
İranla münasibətlərimiz daha peşəkar və məhsuldar olur, lakin onlar nüvə silahı hazırlaya və ya əldə edə bilməyəcəklərini anlamalıdırlar, – bu barədə ABŞ Prezidenti Donald Trampın bəyanatında qeyd olunur.
Donald Trampın sözlərinə görə, ABŞ tərəfindən bağlanan ən pis sazişlərdən biri Barak Hüseyn Obama və Obama administrasiyasının sıravi qeyri-peşəkarları tərəfindən təqdim edilən və imzalanan İran nüvə sazişi olub ki, bu da onun dediyinə görə, İranın nüvə silahı hazırlamasına aparan birbaşa yol idi.
Trampın iddiasına görə, vəziyyət hazırda onun administrasiyasının İranla müzakirə etdiyi razılaşma baxımından tamamilə fərqlidir.
“Danışıqlar nizamlı və konstruktiv şəkildə davam edir və mən nümayəndələrimə bildirdim ki, razılaşma əldə etməyə tələsməsinlər, çünki zaman bizim tərəfimizdədir. Saziş əldə olunana, təsdiqlənənə və imzalanana qədər blokada tam gücü ilə qüvvədə qalacaq. Hər iki tərəf tələsməməli və hər şeyi düzgün etməlidir. Səhvlərə yol verilə bilməz! İranla münasibətlərimiz daha peşəkar və məhsuldar olur. Lakin onlar başa düşməlidirlər ki, nüvə silahı, bomba hazırlaya və ya əldə edə bilməzlər. Yaxın Şərqin bütün ölkələrinə göstərdikləri dəstək və əməkdaşlığa görə təşəkkür etmək istəyirəm, hansı ki, onların tarixi İbrahim sazişlərinə qoşulması ilə daha da güclənəcək və möhkəmlənəcək və kim bilir, bəlkə İran İslam Respublikası da qoşulmaq istəyəcək”, – Donald Tramp bildirir.