Donald Tramp İrana qarşı həyata keçirilən hücum barədə – Biz onları dəhşətli şəkildə bombaladıq

18:56, 12.07.2026

Biz onları dəhşətli şəkildə bombaladıq, – bu barədə ABŞ Prezidenti Donald Tramp İrana qarşı həyata keçirilən hücumla bağlı bildirib.

Bununla yanaşı, Ağ Ev rəhbəri jurnalistlərə bildirib ki, ABŞ və İran dünən razılığa gəliblər, lakin Tehran bir gəmiyə doğru dron buraxaraq bu razılaşmanı “bir saat ərzində” pozub və buna görə də Vaşinqton Tehrana qarşı növbəti hücumu həyata keçirib.

“Bizim onlarla görüşlərimiz oldu, onlar dünən razılığa gəldilər – bizim üçün ideal bir razılaşma idi, heç bir nüvə silahı, nə o, nə bu, heç bir şey, onlar hər şeydən imtina etdilər – və bundan sonra onlar otaqdan çıxdılar və bir saat ərzində gəmiyə doğru dron buraxdılar. Mən dedim: camaat, siz xəstəsiniz. Siz xəstəsiniz. Dünən gecə biz onları dəhşətli şəkildə bombaladıq. Onlar çox, çox pis və xəstə insanlardır”, – deyə Tramp bildirib.

Tramp həmçinin ABŞ Mərkəzi Komandanlığının Hörmüz boğazının kommersiya gediş-gəlişi üçün açıq olması barədə mesajını bir daha təkrar edib.

Məlumat üçün bildirək ki, ötən gecə ABŞ İrana qarşı yeni hava zərbələri dalğası həyata keçirib. ABŞ Mərkəzi Komandanlığının bildirdiyinə görə, Ştatlar Tehranın Hörmüz boğazından keçən gəmiyə hücum etməsindən və boğazı yenidən bağlamasından sonra İrana zərbələr endirib. ABŞ İranın 140 hərbi hədəfinə, o cümlədən raket və pilotsuz uçuş aparatlarının (PUA) yerləşdirildiyi məkanlara, rabitə şəbəkələrinə və sahilyanı müşahidə məntəqələrinə hava zərbələri endirib.

Oxşar