Donald Tramp – İran İraq üçün böyük bir yük idi, lakin İraqın artıq bu problemi olmayacaq, çünki İran çox qeyri-sabitdir

21:58, 14.07.2026

İran İraq üçün böyük bir yük idi, çünki onlar Yaxın Şərqin zorbaları idilər, lakin iraqlıların artıq belə bir problemi olmayacaq, çünki İran çox qeyri-sabitdir, – bu barədə ABŞ Prezidenti Donald Tramp Oval kabinetdə İraqın Baş naziri Əli Faleh Kazım əs-Zeydi ilə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, İran dörd ay əvvəlki dövrlə müqayisədə bu gün hərbi gücünün yalnız bir hissəsini qoruyub saxlaya bilib.

Bununla yanaşı, jurnalistlərin Hörmüz boğazından keçid qarşılığında gəmilər üçün 20%-lik rüsumun ləğv edilməsindən niyə vaz keçdiyi barədə sualına cavab olaraq Tramp qeyd edib ki, Fars körfəzi ölkələrinin liderləri ona zəng edərək, rüsum əvəzinə ABŞ-a investisiya qoymağa hazır olduqlarını bildiriblər.

“Mənimlə müxtəlif ölkələrin liderləri — hamımızın yaxşı tanıdığı krallar, əmirlər və digər rəhbərlər əlaqə saxlayıblar. Onlar həqiqətən də çox güclü tərəfdaşlardır. Mənə dedilər ki, biz başqa cür hərəkət etməyə üstünlük veririk. Amerika Birləşmiş Ştatlarına milyardlarla dollar investisiya qoymaq və rekord həcmdə sərmayələri davam etdirmək istəyirik. Bu ideya xoşuma gəldi, çünki hesab edirəm ki, dünyanın heç bir yerində heç kimin boğazdan istifadəyə və ya bu tipli oxşar beynəlxalq dəniz marşrutlarına görə rüsum təyin etməyə hüququ olmamalıdır”, – deyə Tramp bildirib.

Məlumat üçün bildirək ki, bundan əvvəl ABŞ Prezidenti sosial şəbəkədə Hörmüz boğazından istifadə qarşılığında 20%-lik rüsumun tətbiq edilməsindən imtina etdiyini yazmışdı. Onun sözlərinə görə, rüsum Birləşmiş Ştatların Fars körfəzi dövlətləri ilə bağlayacağı ticarət və investisiya sazişləri ilə əvəzlənəcək.

Oxşar