Donald Tramp - düşünürəm ki, biz razılaşmaya çox yaxınlaşmışıq, Ukrayna bununla razılaşmalıdır, bəlkə "yox" deyəcəklər, onlar böyük bir müharibə maşını ilə mübarizə aparırlar
Donald Tramp - düşünürəm ki, biz razılaşmaya çox yaxınlaşmışıq, Ukrayna bununla razılaşmalıdır, bəlkə "yox" deyəcəklər, onlar böyük bir müharibə maşını ilə mübarizə aparırlar

ABŞ Prezidenti Donald Trampın bildirdiyinə görə, Vladimir Putinlə görüşdə ərazi və təhlükəsizlik məsələləri üzrə əsasən razılıq əldə olunub.

Bu barədə Donald Tramp Ankoricdə Vladimir Putinlə görüşdən sonra “Fox News” telekanalına müsahibəsində bildirib.

“Fox News” aparıcısı Şon Henniti Donald Trampa Rusiya üçün daha çox ərazi ilə nəticələnəcək ərazi mübadiləsi imkanları və Ukraynanın təhlükəsizliyi üçün NATO ilə əlaqəsi olmayan tədbirlər barədə sual ünvanlayıb. ABŞ Prezidenti cavabında bildirib ki, bu, onların əsasən razılaşdığı məsələlərdir.

“Düşünürəm ki, bunlar bizim müzakirə etdiyimiz məsələlərdir və bu, bizim əsasən razılaşdığımız məsələlərdir”, – o, qeyd edib.

Donald Tramp həmçinin bildirib ki, Ukraynanın razılığı lazımdır.

“Düşünürəm ki, biz razılığa kifayət qədər yaxınıq. Ukrayna bununla razılaşmalıdır, bəlkə “yox” deyəcəklər. Onlar böyük bir müharibə maşını ilə mübarizə aparırlar. Düşünürəm ki, biz razılığa yaxınıq, bunu deməyi sevmirəm. Nə vaxt ki, həqiqətən çox yaxın oluram, həmişə deyirəm – 50/50-dir, çünki çox şey baş verə bilər. Amma düşünürəm ki, Prezident Putin problemi həll etmək istəyir”, – o deyib.