Donald Tramp - Amerikan qüvvələri və Nigeriya ordusu dünyanın ən aktiv terrorçusunu, "İslam Dövləti"nin komandirlərindən birini məhv ediblər
Donald Tramp - Amerikan qüvvələri və Nigeriya ordusu dünyanın ən aktiv terrorçusunu, "İslam Dövləti"nin komandirlərindən birini məhv ediblər

ABŞ Prezidenti Donald Trampın bildirdiyinə görə, “İslam Dövləti” qruplaşmasının əsas komandirlərindən biri məhv edilib.

Onun sözlərinə görə, “İŞİD-in dünyada ikinci komandiri” olan Əbu Bilal əl-Minuki Afrikada ABŞ və Nigeriya qüvvələrinin birgə əməliyyatı nəticəsində zərərsizləşdirilib.

Trampın qeyd etdiyi kimi, 44 yaşlı Minuki dünyanın ən aktiv terrorçusu olub.

“Bu axşam, mənim göstərişimlə, cəsur Amerika qüvvələri və Nigeriya ordusu dünyanın ən aktiv terrorçusunu döyüş meydanında məhv etmək üçün diqqətlə planlaşdırılmış və çox mürəkkəb bir missiyanı qüsursuz şəkildə yerinə yetirdilər. Dünyada İŞİD-in ikinci komandiri olan Əbu Bilal əl-Minuki Afrikada gizlənə biləcəyini düşünürdü, lakin onun fəaliyyətləri barədə bizi məlumatlandıran mənbələrimizin olduğunu təsəvvür belə edə bilməzdi. O, artıq Afrika xalqlarını terrora məruz qoya və amerikalılara qarşı əməliyyatlar planlaşdıra bilməyəcək. Onun zərərsizləşdirilməsi ilə İŞİD-in qlobal fəaliyyət imkanları əhəmiyyətli dərəcədə azalacaq. Bu əməliyyatda tərəfdaşlığa görə Nigeriya hökumətinə təşəkkür edirəm. Tanrı Amerikanı qorusun!”, – deyə Tramp yazıb.

Medianın məlumatına görə, Minuki 2018-ci ildən etibarən İŞİD-in regional komandiri vəzifəsini tuturdu.