Donald Tramp - ABŞ Venesuela və Nikolas Maduroya qarşı uğurla zərbə endirib, o, həyat yoldaşı ilə birlikdə həbs olunub və ölkədən çıxarılıb
Donald Tramp - ABŞ Venesuela və Nikolas Maduroya qarşı uğurla zərbə endirib, o, həyat yoldaşı ilə birlikdə həbs olunub və ölkədən çıxarılıb

ABŞ prezidenti Donald Trampın sözlərinə görə, amerikalı hərbçilər Venesuela lideri Nikolas Maduronu həyat yoldaşı ilə birlikdə həbs ediblər və ölkədən çıxarıblar. Bu barədə Tramp sosial şəbəkədə yazır.

“Amerika Birləşmiş Ştatları Venesuela və onun lideri, prezident Nikolas Maduroya qarşı genişmiqyaslı zərbəni uğurla həyata keçirib, o, həyat yoldaşı ilə birlikdə həbs olunub və ölkədən çıxarılıb. Bu əməliyyat ABŞ-ın hüquq-mühafizə orqanları ilə birgə həyata  keçirilib. Təfərrüatlar daha sonra açıqlanacaq. Bu gün saat 11:00-da Mar-a-Laqoda mətbuat konfransı keçiriləcək,” – Tramp sosial şəbəkədə yazır.

Məlumat üçün bildirək ki, Karakasda partlayış səsləri eşidilir. Şəhərin üzərində aşağı hündürlükdə uçan təyyarə görünüb. Yayılmış məlumatlara görə, ABŞ hərbçiləri Venesuelada hərbi bazaları, ölkənin əsas limanını və parlament binasını bombalayıblar.

Venesuela hökuməti prezident Nikolas Maduronun ölkədə fövqəladə vəziyyət elan etdiyi barədə bəyanat yayıb. Venesuela hökumətinin bəyanatında qeyd olunur ki, bütün ölkə “imperialist təcavüzə qalib gəlmək üçün səfərbər olmalıdır”. Bununla yanaşı, Venesuela ABŞ-ı hücum etməkdə günahlandırıb və “hərbi təcavüz”ü pisləyib və bu təcavüzün məqsədi olaraq Vaşinqtonun ölkənin neft və minerallarını ələ keçirmək istəyini göstərib.