Dmitro Kuleba Ukraynanın Rumıniya və Danimarkadakı səfirliklərinin “təhlükəli bağlamalar” aldıqlarını bildirir
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Ukraynanın Rumıniya və Danimarkadakı səfirliklərinin naməlum şəxslərdən “təhlükəli bağlamalar” aldıqlarını bildirib.
“Bu paketləri göndərməkdə və səfirliklərimizi terror etməkdə davam edən hər kəsə, xahiş edirəm, rahatlayın, vaxtınızı və pulunuzu poçt markalarına sərf etməyin. Siz bununla heç nəyə nail olmayacaqsınız.
Bunu Ukrayna diplomatiyasının bütün düşmənləri üçün təkrar edə bilərəm: siz bizi qorxuda və ya dayandıra bilməyəcəksiniz”-deyə Kuleba açıqlayıb.
Məlumat üçün bildirək ki, ötən həftə Ukraynanın Madriddəki səfirliyi partlayıcı qurğu olan bağlama alıb. Bağlamanı alan şəxs partlayış nəticəsində yaralanıb. Növbəti günlərdə Ukraynanın müxtəlif Avropa ölkələrindəki səfirlikləri və konsulluqları içərisində heyvan gözləri olan bağlamalar alıb.
Ukraynanın Macarıstan, Hollandiya, Polşa, Xorvatiya, İtaliya və Çexiyadakı diplomatik missiyaları da qəribə bağlamalar alıblar.