DİN – Rusiya Federasiyası vətəndaşı Denis Kulaninə Gürcüstan ərazisini könüllü tərk etməsi üçün yeddi günlük müddət təyin edilib

15:28, 04.09.2026

Gürcüstanın Daxili İşlər Nazirliyi bəyanat yayır. Qurumun bəyanatında qeyd olunduğu kimi, DİN-in Miqrasiya Departamentində “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” qanunun 51-ci maddəsinin 1-ci hissəsinin “z” yarımbəndi əsasında Rusiya Federasiyası vətəndaşı Denis Kulaninin ölkədən çıxarılması (deportasiya) prosedurları aparılırdı.

DİN-in məlumatına görə, sözügedən qanunun 52-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, Miqrasiya Departamenti Denis Kulaninin Gürcüstandan çıxarılması (deportasiya edilməsi) barədə Tbilisi Şəhər Məhkəməsinə vəsatətlə müraciət edib.

“Müvafiq olaraq, cari ilin 4 sentyabr tarixində Tbilisi Şəhər Məhkəməsinin İnzibati İşlər Kollegiyası tərəfindən Denis Kulaninin Gürcüstandan çıxarılması barədə qərar qəbul edilib. Yuxarıda qeyd olunan qanunun 54-cü maddəsinin 1-ci hissəsinə əsasən, həmin şəxsə Gürcüstan ərazisini özünün istədiyi istiqamətdə könüllü tərk etməsi üçün yeddi günlük müddət verilib. Əgər sözügedən şəxs ölkəni könüllü müddət ərzində tərk etməzsə, qanunun 57-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq, çıxarılma qərarı məcburi qaydada icra olunacaq. Məhkəmə qərarı ilə həmin şəxsin ölkəyə girişinə beş il müddətinə qadağa qoyulub”, – deyə DİN-in bəyanatında qeyd edilib.

Xatırladaq ki, Denis Kulanin ötən il keçirilən etiraz aksiyası zamanı polis avtomobilinə ziyan vurduğu üçün saxlanılmışdı və Gürcüstan Prezidenti Mixeil Ğavelaşvilinin “Mariamoba” bayramı ilə əlaqədar avqustun 28-də əfv etdiyi şəxslər arasında yer aldı.

Oxşar