DİN Qardabanidə qəsdən sağlamlığa zərər vurma ittihamı ilə axtarışda olan şəxsi saxlayıb
DİN Qardabanidə qəsdən sağlamlığa zərər vurma ittihamı ilə axtarışda olan şəxsi saxlayıb

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis İdarəsinin əməkdaşları Qardabani bələdiyyəsində qəsdən sağlamlığa zərər vurma ittihamı ilə axtarışda olan şəxsi saxlayıblar. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.

Qurumun məlumatına görə, polis axtarışda olan şəxsi Qardabani bələdiyyəsində saxlayıb. Hazırda o, 8 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.

“Saxlanılan şəxs cari ilin 29 yanvar tarixində məişət zəminində baş vermiş münaqişə zamanı həmkəndlisinə qeydiyyatsız ov tüfəngindən atəş açaraq bədən xəsarəti yetirib və hadisə yerindən qaçaraq gizlənib.

Sözügedən cinayət işi üzrə keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətdə təqsirləndirilən şəxsi qısa müddətdə müəyyən edərək onun axtarışına başlayıblar”, – Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilib.