DİN - Parlamentin qarşısında qurulmuş çadırda yanğın baş verib, bütün müvafiq istintaq hərəkətləri həyata keçirilir, bir neçə nəfər dindirilmək üçün polis şöbəsinə aparılıb
DİN - Parlamentin qarşısında qurulmuş çadırda yanğın baş verib, bütün müvafiq istintaq hərəkətləri həyata keçirilir, bir neçə nəfər dindirilmək üçün polis şöbəsinə aparılıb

Rustaveli prospektində, Parlament binasının qarşısında qurulmuş çadırda yanğın baş verib. Faktla bağlı bütün müvafiq istintaq hərəkətləri həyata keçirilir, – bu barədə Gürcüstan DİN-in məlumatında bildirilib.

Qurumun məlumatına görə, istintaq çərçivəsində bir neçə nəfər dindirilmək üçün polis şöbəsinə aparılıb.

“Cari ilin martın 12-də Rustaveli prospektində, Parlament binasının qarşısında qurulmuş çadırda yanğın baş verib. Məlumatı aldıqdan sonra Daxili İşlər Nazirliyinin müvafiq bölmələri hadisə yerinə gəliblər. Hadisənin şahidi fəalların – 1996-cı il təvəllüdlü Qoça Başelişvili və 1975-ci il təvəllüdlü Roman Yatsenkonun məlumatına görə, onlar gecə Parlament binasının qarşısında qurulmuş çadırlardan birində olublar və çadır naməlum şəraitdə alovlanıb. Alov onların qüvvələri ilə sürətlə söndürülüb. Hadisə nəticəsində heç kim xəsarət almayıb. Yanğın faktı ilə bağlı istintaq Cinayət Məcəlləsinin 188-ci maddəsinin 2-ci hissəsi üzrə aparılır, bu isə alova və ya artırılmış təhlükə mənbəyinə laqeyd yanaşmaqla əmlakın zədələnməsi və ya məhv edilməsini nəzərdə tutur. Müvafiq olaraq, Qoça Başelişvili və Roman Yatsenko dindirilmək üçün polis şöbəsinə aparılıblar. Alkotest vasitəsilə yoxlama nəticəsində onların spirtli içki qəbul etdikləri müəyyən edilib. İstintaq tədbirləri çərçivəsində hadisə yerində olan digər şəxs – Darecan Tsxvitaria da dindirilmək üçün polis şöbəsinə aparılıb. Hadisə ilə bağlı bütün müvafiq istintaq hərəkətləri, o cümlədən hadisə yerinə baxış zamanı yanğın nəticəsində zədələnmiş çadırın sökülməsi həyata keçirilir. Həmçinin, əlavə təhlükəsizlik məqsədilə ətrafdakı perimetrin boşaldılması həyata keçirilib”, – deyə DİN-in məlumatda deyilib.