DİN – 2025-ci ilin yanvar-iyun ayları dövründə qeydə alınmış cinayətlərin sayı azalıb
Daxili İşlər Nazirliyinin rəsmi veb səhifəsində 2025-ci ilin ilk 6 ayı ərzində ölkə miqyasında qeydə alınmış cinayət statistikası dərc edilib. Statistikaya görə, 2024-cü ilin analoji dövrü ilə müqayisədə cinayətlərin sayı 795 faktla (-2,96%) azalıb.
Bununla yanaşı, qeydə alınmış cinayətlərin açılma göstəricisi artıb və 66,16 faiz təşkil edir.
Ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsi və yayılmasına qarşı aparılan effektiv hüquqi siyasət və Daxili İşlər Nazirliyinin prinsipial mübarizəsi nəticəsində 2025-ci ilin iki rübündə narkotik cinayətlərinin aşkar edilməsi əhəmiyyətli dərəcədə artıb. Cari ilin altı ayında hüquq-mühafizə orqanları tərəfindən ümumilikdə 3919 narkotik cinayəti faktı aşkarlanıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 29%-lə çoxdur. Polis tərəfindən aparılan aktiv tədbirlər nəticəsində 2025-ci ilin iki rübündə narkotik vasitələrin qanunsuz satışı ittihamı ilə 263 şəxs məsuliyyətə cəlb olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə çoxdur.