Devid Petreus Putinin Ukraynada nüvə silahından istifadə edəcəyi təqdirdə, ABŞ və müttəfiqlərinin Ukraynadakı Rusiya ordusunu və hərbi texnikasını məhv edəcəyini, Rusiyanın Qara Dəniz Donanmasının gəmilərini batıracağını açıqlayıb
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Devid Petreus Putinin Ukraynada nüvə silahından istifadə edəcəyi təqdirdə, ABŞ və müttəfiqlərinin Ukraynadakı Rusiya ordusunu və hərbi texnikasını məhv edəcəyini, Rusiyanın Qara Dəniz Donanmasının gəmilərini batıracağını açıqlayıb.
Petreus, Rusiyanın nüvə silahından istifadə edəcəyi təqdirdə Vaşinqtonun mümkün cavabı barədə Rusiyaya dəfələrlə məlumat verildiyini bildirib.
“Sizdə sadəcə olaraq hipotetik təsəvvür yaratmaq üçün, deyə bilərəm ki, biz NATO-nun kollektiv səyi ilə cavab verərik, Ukraynadakı döyüş meydanında, eləcə də Krımda gördüyümüz rus qüvvələrini və Qara dənizdəki bütün gəmiləri məhv edəcəyik”-deyə “ABC” -yə müsahibəsində Petreus bildirib.
Rusiya tərəfindən nüvə silahından istifadənin NATO və ABŞ-ı Ukrayna müharibəsinə cəlb edib-etməməsi ilə bağlı suala Petreus cavabında bildirib ki, bu, NATO-nun 5-ci maddəsini avtomatik işə salmayacaq, çünki Ukrayna Şimali Atlantika Alyansının üzvü deyil.
Bununla belə, Petreus onu da deyir ki, NATO-nun 5-ci maddəsi ilə qorunan ölkələrdə nüvə partlayışından radiasiyanın yayılması NATO üzvü olan dövlətə hücum kimi qiymətləndirilə bilər.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Ukrayna qüvvələrinin şərqdə uğurlu əks-hücum əməliyyatını davam etdirdiyi üçün Putinin çarəsiz olduğunu söyləyib.
“Döyüş meydanında olan reallıq, məncə, dönməz bir prosesdir. Nə bu nizamsız səfərbərlik, nə gizli nüvə təhlükəsi, nə də nüvə taktiki silahlarından istifadə heç nəyi dəyişməyəcək və Putini bu vəziyyətdən çıxara bilməyəcək” -deyə Petreus bildirib.