“Deutsche Welle” – Vladimir Putin, kritik infrastruktur obyektlərinin sahibləri təhlükəsizlik tələblərinə əməl etmədikdə, həmin obyektlərdə “xarici idarəetmə” tətbiq edilməsi səlahiyyətini verən fərman imzalayıb

20:27, 24.08.2026

Rusiya prezidenti Vladimir Putin, kritik infrastruktur obyektlərinin sahibləri təhlükəsizlik tələblərinə əməl etmədikdə, həmin obyektlərdə “xarici idarəetmə” tətbiq edilməsi səlahiyyətini verən fərman imzalayıb. “Deutsche Welle”nin məlumatına görə, sənəd normativ aktların internet saytında dərc edildiyi andan qüvvəyə minib.

Sənəddə qeyd olunub ki, dron hücumları təhlükəsinin qarşısını almağa yönəlmiş tədbirlər səmərəsiz olduqda bu cür addımların atılması mümkündür. Müvəqqəti idarəetmə həmçinin zədələnmiş obyekt bərpa edilmədikdə və ya onun bərpası gecikdirildikdə də tətbiq oluna bilər. Sənəd kritik infrastruktur obyektləri kimi yanacaq-energetika kompleksini, sənaye, kommunal, nəqliyyat və loqistika obyektlərini, rabitə və həyati əhəmiyyətli xidmət obyektlərini, həmçinin Rusiyanın təhlükəsizliyi və iqtisadi sabitliyi üçün xüsusi əhəmiyyət kəsb edən digər obyektləri hesab edir. Müvəqqəti idarəçi kimi, bir qayda olaraq, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Federal Agentlik təyin olunacaq. O, müəssisənin daşınar və daşınmaz əmlakına, qiymətli kağızlarına və nizamnamə kapitalındakı paylarına sərəncam vermək, həmçinin mülkiyyətçinin digər hüquqlarını həyata keçirmək səlahiyyətinə sahib olacaq.

Administrasiyanın müddəti müəyyən edilməyib. Həmçinin onun dayandırılması hökumətin qərarı ilə mümkündür.

Medianın məlumatına görə, fərmanın qəbul edilməsinin əsası kimi sənəddə Ukraynadakı müharibə dövründə “təhlükəsizlik baxımından təhdidlərin artması” göstərilib.

Məlumat üçün bildirək ki, 2026-cı ildə Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın sənaye və logistika obyektlərinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbələri intensivləşib. Neft emalı zavodlarına və neft bazalarına edilən hücumlar Rusiyada yanacaq böhranına səbəb olub.

Oxşar