Denis Şmiqal Ukraynanın müharibənin on ayı ərzində müdafiəyə 1,2 trilyon qrivna, təxminən 32,6 milyard dollar xərclədiyini bildirir
Ukrayna müharibənin on ayı ərzində müdafiəyə 1,2 trilyon qrivna və ya təxminən 32,6 milyard dollar xərcləyib. Bu barədə Ukraynanın Baş naziri Denis Şmiqal hökumətin yekunlaşdırıcı iclasında bildirib.
“Böyükmiqyaslı müharibə zamanı hökumət təhlükəsizlik və müdafiə sektoruna 1,2 trilyon qrivnadan çox vəsait ayırıb. Biz bütün hərbi qulluqçuların maaşlarını əsaslı şəkildə artırdıq, işğalçıları effektiv şəkildə məhv edən silah və texnikanın alınması və modernləşdirilməsinə 250 milyard qrivnadan çox vəsait ayrılıb”-deyə Şmiqal açıqlayıb.
Baş nazir müttəfiqlərdən alınan iqtisadi yardımın 31 milyard dollar təşkil etdiyini bildirib.
Bununla yanaşı, hazırkı hesablamalara görə, Ukraynanın bərpası üçün 700 milyard dollardan çox vəsait lazım olacaq. Ukrayna Qərbin dondurduğu rus aktivlərinin bu məqsədlə istifadə olunacağına ümid edir.