Davit Sonğulaşvili Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı ilə görüşüb
Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonğulaşvili Türkiyə Respublikasında işgüzar səfərdədir.
Səfər çərçivəsində Davit Sonğulaşvili Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı ilə görüşüb.
Görüşdə tərəflər Gürcüstan və Türkiyə arasında ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı sahəsində əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə ediblər. Görüşdə aqro-ərzaq məhsulları ilə ölkələr arasında ticarətin təşviq edilməsinin vacibliyinə diqqət yetirilib.
Davit Sonğulaşvili gürcü balının Türkiyə bazarına ixracına icazə verilməsi qərarına görə Türkiyə tərəfinə təşəkkür edib və qeyd edib ki, bu, gürcü arıçılar üçün öz məhsullarının ixracını artırmaq, Türkiyə tərəfi üçün isə keyfiyyətli və fərqli dad xüsusiyyətlərinə malik bala çıxış əldə etmək imkanıdır.
Davit Sonğulaşvili türkiyəli həmkarı ilə Gürcüstandan diri mal-qara, ət və ət məhsullarının Türkiyəyə ixracı, həmçinin Türkiyə ərazisində tranzit keçid imkanları məsələsini müzakirə edib. Söhbət zamanı heyvanların peyvəndlənməsi məsələsinə də toxunulub. Davit Sonğulaşvili ötən il bu istiqamətdə göstərdiyi köməyə görə türkiyəli həmkarına təşəkkür edib.
İbrahim Yumaklı bu istiqamətdə gələcək əməkdaşlıq imkanlarına diqqət yetirdi.
Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayır.