Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonğulaşvili Fransanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Oliviye Kurto ilə görüşüb. Bu barədə Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirliyi məlumat yayır.
Qurumun məlumatına görə, görüş zamanı tərəflər ikitərəfli münasibətlərin aktual məsələlərini və əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Nazir ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatların əhəmiyyəti barədə danışıb.
Davit Sonğulaşvilinin qeyd etdiyi kimi, su ehtiyatlarının və fəlakət risklərinin səmərəli idarə olunması istiqamətində Fransanın təcrübəsini bölüşmək vacib olacaq.
Söhbət zamanı qida təhlükəsizliyi, aqrar sahədə müasir texnologiyaların tətbiqi, ekspert biliklərinin paylaşılması, ixracın artırılması, suvarma sistemləri və laboratoriya imkanlarının gücləndirilməsi istiqamətində əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub. Nazir görüşdə qida ilə təmasda olan birdəfəlik istifadə olunan plastiklərin istifadəsinin tənzimlənməsi məsələsinə də diqqət çəkdi.
Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirliyində keçirilən görüşdə nazir müavini Laşa Dolidze iştirak edirdi.