Daşkənddə Şarl Mişellə Özbəkistan prezidenti arasında görüş keçirilib

21:34, 28.10.2022

 

Daşkənddə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə Özbəkistan prezidenti Şavkat Mirzoyev arasında görüş keçirilib. Görüşdən sonra verilən birgə bəyanatda tərəflərin Avropa İttifaqının Özbəkistan və Mərkəzi Asiya ilə əlaqələrin regionlararası əməkdaşlığı gücləndirmək istəyini alqışladığı deyilir.

Özbəkistan və Avropa İttifaqının liderləri öz potensial və imkanlarından səmərəli istifadənin artırılması üçün birgə səylər göstərməyə hazır olduqlarını bildiriblər. Tərəflər siyasət, iqtisadiyyat, təhlükəsizlik və humanitar məsələlərdə əməkdaşlığı gücləndirməli, Özbəkistan və Avropa İttifaqı arasında münasibətlərdə yeni səhifə açmalı olan Gücləndirilmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin paraflanmasını alqışlayıblar.

Prezidentlər sənədin tezliklə imzalanacağına və ratifikasiya olunacağına ümidvar olduqlarını bildiriblər. Avropa İttifaqı Özbəkistanın islahatlar siyasətini dəstəklədiyini təsdiqləyib və bu islahatların davamlı və dönməz olacağına ümid etdiyini bildirib.

Aİ həmçinin insan hüquqlarına və əsas azadlıqlara tam hörmətin vacibliyini vurğulayıb. Həmçinin, Aİ şirkətlərinin Özbəkistana investisiyalarının cəlb edilməsi və ən son texnologiyaların tətbiqi məsələlərinə də toxunulub.

Görüş zamanı tərəflər Aİ-nin Mərkəzi Asiya strategiyasının həyata keçirilməsinin sürətləndirilməsinin zəruriliyinə xüsusi diqqət yetirərək, 2022-ci ilin noyabrın 18-də Səmərqənddə keçiriləcək Aİ-Mərkəzi Asiya əlaqələri konfransının keçirilməsi təşəbbüsünü alqışlayıblar.

Özbəkistan tərəfi konfransda əməkdaşlığın prioritet istiqamətləri üzrə birgə layihələrin həyata keçirilməsi üçün “yol xəritəsi”ni təqdim etməyə hazırdır. Görüş zamanı davamlı nəqliyyat dəhlizlərinin yaradılması, o cümlədən Transxəzər multimodal marşrutunun inkişafı ikitərəfli ticarətin aktivləşdirilməsi üçün əsas amil kimi qeyd edilib. Prezidentlər liman potensialının genişləndirilməsi, bərə və dəmir yolu potensialının artırılması, gömrük prosedurlarının uyğunlaşdırılması, yükdaşımaların və sərhəd-keçid prosedurlarının rəqəmsallaşdırılmasının vacibliyini müzakirə ediblər.

Özbəkistan tərəfi Termez-Məzar-Şərif-Kabil-Peşəvər dəmir yolu layihəsinin əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətindən danışıb. Bununla yanaşı, Özbəkistan 2023-cü ildə birinci Aİ-Mərkəzi Asiya Turizm Forumuna ev sahibliyi etmək təşəbbüsü ilə çıxış edib.

Şarl Mişel və Şavkat Mirzoev həmçinin regional və beynəlxalq gündəmin aktual məsələlərini müzakirə edərək Mərkəzi Asiyada əlaqələrin möhkəmləndirilməsi, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Bu kontekstdə tərəflər Əfqanıstanın regional və beynəlxalq təhlükəsizlik üçün daimi təhlükəyə çevrilməsinin qəbuledilməz olduğunu qeyd ediblər.

Oxşar