Danimarka Müdafiə Nazirliyinin məlumatına görə, ölkənin hərbi obyektləri yaxınlığında naməlum dronlar yenidən görünüb
Danimarkada hərbi obyektlərin yaxınlığında naməlum dronlar yenidən görünüb. Danimarka Müdafiə Nazirliyinin məlumatına görə, insident 26 sentyabrda baş verib. Qurumun bildirdiyinə görə, pilotsuz uçuş aparatları bir neçə hərbi obyektin yaxınlığında qeydə alınıb, lakin ölkənin hərbi rəhbərliyi konkret olaraq harada və neçə dronun aşkarlandığını açıqlamayıb.
Məlumdur ki, bu insidentə cavab olaraq Danimarka Silahlı Qüvvələrinin bir neçə bölməsi səfərbər edilib, lakin hərbçilər ‘”insidentə reaksiya” ifadəsi ilə nəyi nəzərdə tutduqlarını dəqiqləşdirmirlər.
Danimarka İctimai Yayımçısının verdiyi məlumata görə, naməlum dronların göründüyü obyektlərdən biri Danimarka Krallığının Silahlı Qüvvələrinin əsas bazası olan Karup hərbi hava bazası olub.
Medianın məlumatına görə, dronlar həm bazanın üzərində, həm də onun yaxınlığında uçurdular.
Mərkəzi və Qərbi Yutlandiya polisinin məlumatına görə, bu bölgədə bir və ya iki pilotsuz uçuş aparatı qeydə alınıb. Buna görə də mülki aviasiya üçün hava məkanı müvəqqəti bağlı olub.
Məlumat üçün bildirək ki, Karup aviabazasında 3500 işçi çalışır. Bazada quru, dəniz və hava hərbi qüvvələri yerləşdirilib. Bu hərbi obyektə Danimarka Silahlı Qüvvələrinə məxsus bütün helikopterlər yerləşdirilib. Hava məkanının nəzarəti məhz bu bazadan həyata keçirilir