Daxili İşlər Nazirliyi 4 oktyabrda baş vermiş hadisələrlə bağlı daha 16 nəfəri saxlayıb, ümumilikdə 62 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyi 4 oktyabrda baş vermiş hadisələrlə bağlı daha 16 nəfəri saxlayıb, ümumilikdə 62 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyi 4 oktyabrda baş vermiş hadisələrlə bağlı daha 16 nəfəri saxlayıb, ümumilikdə 62 nəfər saxlanılıb, – bu barədə Gürcüstanın daxili işlər naziri Qeka Qeladze bu gün keçirdiyi brifinqdə bildirib.

Bununla yanaşı, daxili işlər nazirinin qeyd etdiyi kimi, xaricdə olan iki şəxs barəsində cinayət təqibinə başlanılıb və onlardan biri İrakli Şaişmelaşvilidir.

“İctimaiyyətə məlum olduğu kimi, Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentində 4 oktyabrda Tbilisidə qanunsuz və cinayət xarakterli hərəkətlər törətmiş şəxslərin müəyyən edilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə intensiv istintaq aparılır – konkret olaraq, həmin şəxslər zorakı üsullarla Gürcüstan Prezidentinin sarayını ələ keçirməyə və konstitusiya quruluşunu devirməyə cəhd göstəriblər, nəticədə bir neçə onlarla hüquq-mühafizə orqanının əməkdaşı xəsarət alıb.

Qeyd olunan cinayət işi ilə bağlı bu gün daha 16 nəfəri saxladıq. Hazırda davam edən istintaq çərçivəsində indiyə qədər ümumilikdə 62 nəfər saxlanılıb. Xaricdə olan iki şəxs barəsində isə cinayət təqibinə başlanılıb. Bir hissəsi Gürcüstanın konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsinə və ya dövlət hakimiyyətinin devrilməsinə çağırışda, strateji və ya xüsusi əhəmiyyət kəsb edən obyekti ələ keçirməyə və ya bloklamağa cəhddə, qrup halında zorakılığı təşkil etməkdə və iştirak etməkdə ittiham olunur; digər hissəsi isə hüquq‑mühafizə orqanlarının əməkdaşlarına qarşı zorakılıqda ittiham olunur.

Xaricdə olan iki şəxs barəsində cinayət təqibi başladılıb və onlardan biri İrakli Şaişmelaşvilidir. Ona qarşı irəli sürülən ittiham Gürcüstanın konstitusia quruluşunu zorakılıq yolu ilə dəyişdirməyə və dövlət hakimiyyətini devirməyə çağırışdır.

Əldə etdiyimiz sübutlara əsasən, o cümlədən video materialların işlənməsi nəticəsində məlum olur ki, hüquq-mühafizə orqanları tərəfindən saxlanılan şəxslər 4 oktyabr tarixində, aksiyanın təşkilatçıları ilə birlikdə, Atoneldə yerləşən Prezident sarayının hasarlarını dağıdıb və sarayı ələ keçirməyə cəhd ediblər. Bununla yanaşı, aksiya iştirakçılarının qanunsuz və zorakı hərəkətləri nəticəsində 35 polis əməkdaşı xəsarət alıb. Onların əksəriyyətində baş nahiyəsində xəsarətlər qeydə alınıb. Biz cinayəti törədən digər şəxslərin müəyyənləşdirilməsi və onların cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə müvafiq istintaq tədbirlərini davam etdiririk”, – Qeladze bildirib.

Daxili işlər naziri hüquq-mühafizə orqanlarının əməkdaşlarına “4 oktyabr tarixində baş vermiş hadisələr zamanı ictimai təhlükəsizliyin və hüquq qaydasının yüksək standartlarla və peşəkarlıqla qorunmasına görə” təşəkkür edib.

“Hər kəs açıq şəkildə gördü ki, Daxili İşlər Nazirliyinin polis bölmələrinin hər bir nümayəndəsi ən yüksək səviyyədə və qanuna uyğun hərəkət edirdi – bu, dəqiq və düzgün aparılmış polis tədbiri idi və nəticədə dövlət çevrilişi cəhdinin qarşısı alınıb.

Polisimizin, Təhlükəsizlik və Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının koordinasiyalı hərəkəti bir daha sübut etdi ki, Gürcüstanın hüquq-mühafizə sistemi güclü və mütəşəkkildir.

Məhz hüquq-mühafizəçilərimizin böyük peşəkarlığı sayəsində vətəndaşların təhlükəsizliyini və ölkənin sabitliyini qorumağı bacardıq.

Ölkəmizdə sabitliyi, qanunun aliliyini sarsıtmağa cəhd edən hər kəsə ən sərt şəkildə qarşılıq verəcəyik. Dövlətə qarşı çıxan və ya hüquq-mühafizə əməkdaşlarına əl qaldıran hər kəs qanunun bütün sərtliyi ilə məsuliyyətə cəlb olunacaq”, – Qeka Qeladze bildirib.