Co Bayden – ABŞ Rusiyanın Ukrayna ərazisini ilhaq etmək üçün saxtakarlıq cəhdini qınayır, Rusiya BMT Nizamnaməsini tapdalayır və sülhsevər millətlərə hörmətsizlik nümayiş etdirir
ABŞ Ukraynanın mövqelərini hərbi və diplomatik yolla gücləndirməklə öz ərazilərinə nəzarəti bərpa etmək səylərini dəstəkləməyə davam edəcək. Bu barədə ABŞ prezidenti Co Baydenin Ağ Evin yaydığı bəyanatında deyilir.
“ABŞ Rusiyanın Ukraynanın suveren ərazisini ilhaq etmək üçün bugünkü saxtakarlıq cəhdini qınayır. Rusiya beynəlxalq hüququ pozur, BMT Nizamnaməsini tapdalayır və hər yerdə sülhsevər xalqlara hörmətsizlik nümayiş etdirir. Səhv etməyin: bu hərəkətlərin heç bir qanuniliyi yoxdur. ABŞ Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə həmişə hörmət edir. Biz ABŞ-ın bu həftə elan etdiyi əlavə 1,1 milyard dollarlıq təhlükəsizlik yardımı da daxil olmaqla, Ukraynanın mövqelərini hərbi və diplomatik yolla gücləndirməklə öz ərazilərinə nəzarəti bərpa etmək səylərini dəstəkləməyə davam edəcəyik” – deyə bəyanatda deyilir.
Bayden bildirib ki, Rusiyanın ilhaq barədə saxta açıqlamalarına cavab olaraq ABŞ müttəfiqləri və tərəfdaşları ilə birlikdə yeni sanksiyalar tətbiq edir. Bu sanksiyalar Rusiyada və onun hüdudlarından kənarda Ukrayna ərazisinin statusunu dəyişdirmək üçün qanunsuz cəhdləri siyasi və ya iqtisadi cəhətdən dəstəkləyən fiziki və hüquqi şəxslərə şamil edilir.
Bəyanata əsasən, Vaşinqton Ukraynanı müdafiə üçün lazım olan avadanlıqlarla təmin etməyə davam edəcək.
“Mən Konqres tərəfindən Ukraynaya dəstək üçün əlavə 12 milyard dollar ayrılmasını nəzərdə tutan qanunun imzalanmasını səbirsizliklə gözləyirəm” – deyə ABŞ prezidentinin bəyanatında qeyd olunub.
Bayden beynəlxalq ictimaiyyətin hər bir üzvünü Rusiyanın qeyri-qanuni ilhaq cəhdlərini rədd etməyə və lazım olduğu müddət boyunca Ukrayna xalqının yanında olmağa çağırır.
Məlum olduğu üzrə, Rusiya prezidenti Vladimir Putin və separatçı liderlər bu gün Xerson, Zaporojie, Donetsk və Luqanskın işğal olunmuş ərazilərinin Rusiyaya daxil olmasına dair “sazişlər” imzalayıblar.