Co Bayden ABŞ kəşfiyyatının Aİ vətəndaşlarının şəxsi məlumatlarına çıxışını məhdudlaşdıran sərəncam imzalayıb

21:11, 07.10.2022

ABŞ prezidenti Co Bayden ABŞ xüsusi xidmət orqanlarının Aİ vətəndaşlarının şəxsi məlumatlarına çıxışını məhdudlaşdıran sərəncam imzalayıb.

Ağ Evdən verilən məlumatda sərəncamda həmçinin Ədliyyə Departamentində ABŞ xüsusi xidmət orqanlarının məlumatı necə qəbul etməsi və istifadəsinə nəzarət edəcək məlumatların mühafizəsi üzrə yeni məhkəmənin yaradılmasının nəzərdə tutulduğu bildirilir.

Yeni sərəncam, həmçinin ABŞ Milli Kəşfiyyat Direktorunun Ofisində (kəşfiyyat orqanlarının fəaliyyətinə nəzarət edən agentlik) vətəndaş azadlıqları üzrə məsul şəxslərin vətəndaşların şəxsi toxunulmazlığı hüquqlarının mümkün pozuntularını araşdırmaq səlahiyyətlərini genişləndirir.

Bundan əlavə, prezidentin sərəncamı ABŞ kəşfiyyat orqanlarından yalnız “xüsusi, müəyyən edilmiş milli təhlükəsizlik məqsədləri” üçün məlumat toplamağı tələb edir.

Sözügedən sənəd 2023-cü ilin martında imzalanmalı olan şəxsi məlumatların mühafizəsi ilə bağlı ABŞ və Aİ arasında yeni transatlantik sazişin tamamlanması istiqamətində bir növ addım hesab olunur.

Oxşar