"CNN" - İranın nüvə proqramı və sanksiyalar barədə mövcud fikir ayrılıqları İran və ABŞ arasında yekun sazişin bağlanmasını ləngidir
İranın nüvə proqramı və sanksiyalar barədə mövcud fikir ayrılıqları İran və ABŞ arasında yekun sazişin bağlanmasını ləngidir. Bu barədə “CNN” amerikalı yüksək vəzifəli rəsmi şəxslərə istinadən yazır.
Fikir ayrılıqlarına baxmayaraq, anonim mənbələr optimizm üçün hələ də əsas olduğunu bildirirlər.
“Bazar ertəsi Qətərdə İran nümayəndə heyətinin, o cümlədən Tehranın danışıqlar qrupunun baş üzvlərinin olması müsbət siqnal idi”, – mənbələrdən biri qeyd edib.
“CNN”in yazdığına görə, ABŞ İrandan zənginləşdirilmiş uran ehtiyatlarını məhv edəcəyinə və nüvə silahı yaratmayacağına dair qəti öhdəliklər tələb edir. Lakin İran tərəfi nüvə proqramının təfərrüatlarını müzakirə etmədiklərini və bunu növbəti danışıqlar mərhələsinə saxladıqlarını bildirir.
“Bu, danışıqlarda əsas mübahisəli məqamlardan biridir”, – deyə yüksək vəzifəli rəsmi şəxs qeyd edib.
Tehran həmçinin sanksiyaların ləğv edilməsi və dondurulmuş aktivlərin sərbəst buraxılması barədə öhdəliklər tələb edir, ABŞ isə nüvə məsələsində irəliləyiş əldə olunmayana qədər heç bir maliyyə güzəştinin olmayacağını bildirir.