“CNN” – ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri bu gün Ankarada Rusiyanın xarici kəşfiyyatının rəhbəri ilə görüşəcək
“CNN”in yaydığı məlumata əsasən, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri bu gün Ankarada Rusiya Xarici Kəşfiyyatının rəhbəri ilə görüşəcək. ABŞ-ın Milli Təhlükəsizlik Şurasından “CNN”ə verilmiş məlumata görə, Uilyam Barns və Sergey Narışkin arasında danışıqlar ABŞ-ın “Rusiya ilə risklərin idarə edilməsi ilə bağlı kommunikasiya” səylərinin davamıdır və həmçinin “haqsız yerə həbs edilmiş Amerika vətəndaşları” məsələsi müzakirə ediləcək.
“Risklərin idarə edilməsi, xüsusilə nüvə təhlükələri və strateji sabitlik riskləri ilə bağlı Rusiya ilə əlaqə kanallarımızın olmasına dair açıq danışırdıq. Bu səylər çərçivəsində Uilyam Barns bu gün Rusiya kəşfiyyatının rəhbəri ilə görüşəcək” – deyə ABŞ-ın Milli Təhlükəsizlik Şurasından “CNN”ə bildirilib.
Bununla yanaşı, Ağ Evdə bildirirlər ki, Barns Ukraynada müharibənin başa çatması ilə bağlı razılaşmanı müzakirə etməyəcək.
“O, rus həmkarına Rusiyanın nüvə silahından istifadəsinin nəticələri ilə bağlı mesaj verəcək və strateji sabitliyin eskalasiya təhlükəsindən danışacaq. O, həmçinin Rusiyada haqsız yerə həbs edilən Amerika vətəndaşlarının işini qaldıracaq” -deyə Ağ Evdən bildiriblər.
Mətbuat katibi bildirib ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərinin rus həmkarı ilə görüşünə dair Ukrayna tərəfinə əvvəlcədən xəbərdarlıq edilib.
“Biz fundamental prinsipi qətiyyətlə dəstəkləyirik və Ukrayna məsələsini ukraynalılarsız müzakirə etmirik” -deyə Ağ Evdən bildiriblər.
Xatırladaq ki, sonuncu dəfə ABŞ və Rusiya hökumətlərinin nümayəndələri yanvarın 10-da görüşüblər.