Çinin xarici işlər naziri – Ölkəmiz Livanı öz suverenliyini və təhlükəsizliyini qorumaqda qətiyyətlə dəstəkləyir
Çin Livanı öz suverenliyini və təhlükəsizliyini qorumaqda qətiyyətlə dəstəkləyir – bu haqda Çinin xarici işlər naziri Van Yi livanlı həmkarı Abdula Habib ilə söhbəti zamanı bildirib.
Çin və Livanın xarici işlər nazirləri Nyu-Yorkda görüşüblər və Yaxın Şərqdə mövcud vəziyyət haqda danışıblar. Van Yi qeyd edib ki, hadisələrin necə inkişaf etməsindən asılı olmayaraq, Çin ədalətin və Livan da daxil olmaqla ərəb qardaşlarının yanında olmağa davam edəcək.
“Biz regional vəziyyətin inkişafına, xüsusən də Livanda rabitə avadanlığının partlamasına böyük diqqət yetiririk və mülki əhaliyə qarşı hücumlara qəti şəkildə qarşıyıq. Çin Yaxın Şərqdə sülh üçün çalışır və ərəb ölkələri və beynəlxalq ictimaiyyətlə əməkdaşlığı davam etdirəcək. Zorakılıq Yaxın Şərqdəki problemləri həll etməyəcək, əksinə daha böyük humanitar fəlakətlərə səbəb olacaq. Çin “iki dövlət” prinsipi əsasında həllin effektiv şəkildə həyata keçirilməsi üçün daimi atəşkəs və qoşunların tamamilə çıxarılmasını dəstəkləyir” – Van Yi bildirib.