Çin hakimiyyəti kovid tənzimləmələri yüngülləşdirir
Çin hakimiyyəti kovid tənzimləmələri yüngülləşdirir. Bundan sonra “Covid-19”a yoluxmuş simptomsuz və ya yüngül simptomları olan vətəndaşlar dövlət müəssisələri əvəzinə evlərində karantindən keçə biləcəklər. Belə olan halda vətəndaş evdə qalaraq testin nəticəsini aidiyyatı quruma bildirə biləcək. Bundan əlavə, ölkədə dövlət müəssisələri, xəstəxana və məktəblər istisna olmaqla PCR test öhdəliyi ləğv edilib.
Ölkənin böyük şəhərlərində sərt kovid məhdudiyyətlərinə qarşı başlayan etirazlardan sonra hakimiyyət tənzimləmələri yumşaltmaq qərarını verib.
“BBC”nin yazdığı kimi, mərkəzləşdirilmiş karantin ailələri parçaladığı üçün əhali arasında narazılıq yaradıb, vətəndaşların karantindən keçmək üçün dövlət müəssisəsinə güc yoluyla köçürülməsi halları da olub.
“BBC”nin qeyd etdiyi kimi, qaydalardakı dəyişiklik Çinin kovidə münasibətdə sıfır tolerantlıq siyasətindən “virusla birgəyaşayışa” getdiyinə güclü işarədir.
Qeyd etmək lazımdır ki, hazırda ölkədə yoluxma səviyyəsi pik həddədir, hər gün orta hesabla 30 mindən çox “Covid-19”a yoluxma halı aşkar edilir.
Yeni qaydalara əsasən, binalarda yanğın çıxışlarını və qapıları bağlamaq da həmçinin qəti qadağan edilir. Bunadək yayılan məlumatlara əsasən qapanma rejimi zamanı vətəndaşların üzünə mənzilləri bağlayır, binaları isə möhürləyirdilər.
Çinin Urumçi şəhərində çoxmərtəbəli binada 10 nəfərin ölümü ilə nəticələnən yanğından sonra etirazlar başlayıb. Yerli sakinlər qapanma rejiminə görə binanın çıxışlarının bağlı olduğunu, bunun isə təxliyə prosesinə mane olduğunu bildirirdilər.
Hakimiyyət ittihamları təkzib edib.