Cey Di Vens bildirir ki, İranla danışıqlarda onun əsas prioritetləri danışıqların strukturunun formalaşdırılması, nüvə məsələlərində “tərəqqiyə nail olunması” və Livanda atəşkəsin təmin edilməsidir
ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib ki, İranla danışıqlarda onun əsas prioritetləri danışıqların strukturunun formalaşdırılması, nüvə məsələlərində “tərəqqiyə nail olunması” və Livanda atəşkəsin təmin edilməsidir.
Vens bu bəyanatı İsveçrəyə yola düşməzdən əvvəl verib.
“Danışıqlarda bizim ən yüksək səviyyəli siyasi rəhbərliyimiz iştirak edəcək, texniki komanda isə təbii ki, yerində qalacaq”, – deyə Vens bildirib. ABŞ-ın vitse-prezidenti qeyd edib ki, İsveçrədə yalnız “bir və ya iki gün” qala biləcək, lakin İranın nüvə materialları məsələsi ilə bağlı danışıqlarda tərəqqiyə nail olunacağına ümid edir.
Vensin sözlərinə görə, əsas prioritetlərdən biri Livanda atəşkəs məsələsində irəliləyişə nail olmaqdır. Onun dediyinə görə, Livan yenidən İsrail tərəfindən raket zərbələrinin hədəfinə çevrilib və vəziyyət elədir ki, “ona daimi nəzarət lazımdır”.
“Bunlar diqqətimizi yönəltdiyimiz iki vacib məsələdir. Əminəm ki, iranlıların da müzakirə etmək istədikləri məsələlər olacaq”, – Vens qeyd edib.
Məlumat üçün bildirək ki, İran mediasının məlumatına görə, İran nümayəndə heyəti ABŞ ilə danışıqlar keçirmək üçün 21 iyun şənbə günü İsveçrənin Sürix şəhərinə gəlib.