Çexiyada mitropolit İlarion saxlanılıb, onun avtomobilində "ağ rəngli maddələr" aşkar edilib
Çexiyada mitropolit İlarion saxlanılıb, onun avtomobilində "ağ rəngli maddələr" aşkar edilib

Çexiyanın Karlovı Varı şəhərində Rusiya Pravoslav Kilsəsinin Xarici Kilsə Əlaqələri Şöbəsinin keçmiş rəhbəri, mitropolit İlarion (Alfeyev) saxlanılıb. Bu barədə məlumat mitropolit İlarionun teleqram kanalında yayılıb.

Mitropolitin qeyd etdiyinə görə, mayın 24-də o, məbəddən çıxdıqdan sonra polis mitropolitin və onu müşayiət edən operatorun olduğu avtomobili saxlayıb. Avtomobildə aparılan axtarış zamanı baqajdan “ağ rəngli maddə” olan dörd kiçik konteyner aşkar edilib.

Mitropolit İlarionun sözlərinə görə, maddənin tərkibi, mənşəyi və xarakteri səlahiyyətli ekspertiza tərəfindən müəyyən edilməlidir.

“Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə heç vaxt heç bir əlaqəm olmayıb və yoxdur. Din xadimi kimi, mənimlə bağlı belə bir iddia tamamilə yalandır. Tam, müstəqil və prosedur qaydalarına uyğun aparılan istintaq tələb edirəm”, — deyə mitropolit İlarion bildirib.

Mitropolit İlarion onu da qeyd edib ki, son aylarda dəfələrlə anonim, o cümlədən fiziki zorakılıqla bağlı təhdidlər alıb.

Mitropolit İlarion 2009-cu ildən Rusiya Pravoslav Kilsəsinin Xarici Kilsə Əlaqələri Şöbəsinin sədri olub. O, həmçinin patriarx Kirillin mümkün xələfi kimi də nəzərdən keçirilirdi. 2022-ci ilin iyununda Rusiya Pravoslav Kilsəsinin Müqəddəs Sinodu onu qeyd olunan vəzifədən azad edib və Budapeşt-Macarıstan Yeparxiyasının rəhbəri təyin edib. 2024-cü ilin dekabrında Sinod İlarionu Budapeşt-Macarıstan yeparxiyasının rəhbərliyindən də kənarlaşdırıb. Bu, mitropolitin cinsi təcavüzdə ittiham olunmasından sonra baş verib.