“Bundesbank”ın prezidenti – İranda müharibə tezliklə başa çatsa belə, neft qiymətləri, çox güman ki, uzun müddət yüksək qalacaq, münaqişədən əvvəlki göstəricilərə qayıtmaq isə bəlkə də mümkün olmayacaq
“Bundesbank”ın prezidenti Yoahim Nagel hesab edir ki, İranda müharibə tezliklə başa çatsa belə, dünyada neft qiymətləri, çox güman ki, daha uzun müddət yüksək qalacaq.
Nagelin “Deutschlandfunk”a müsahibəsində bildirdiyinə görə, Avropa uzun müddət Yaxın Şərq münaqişəsindən əvvəl mövcud olan qiymətləri geri qaytara bilməyəcək.
“Bəlkə də biz bu münaqişədən əvvəl sahib olduğumuz iqtisadi göstəriciləri heç geri qaytara bilməyəcəyik, çünki tədarük zəncirləri açıq şəkildə dəyişib və risklər də arta bilər”, – Yoahim Nagel bildirib.
Bununla yanaşı, Nagel Avropa Mərkəzi Bankının faiz dərəcələrini artırmasını “zəruri” addım adlandırıb.
“Düşünürəm ki, biz heç vaxt regional münaqişədən əvvəlki vəziyyətə qayıtmayacağıq. Dünya bu münaqişədən kənarda da qeyri-müəyyənliklər və dəyişikliklərlə formalaşmağa davam edə bilər”, – deyə “Bundesbank”ın prezidenti qeyd edib.