Bu gün Romada ABŞ və İran arasında dolayı danışıqların ikinci raundu keçiriləcək
Bu gün Romada Omanın vasitəçiliyi ilə ABŞ və İran arasında dolayı danışıqların ikinci raundu keçiriləcək. İran nümayəndə heyəti artıq İtaliyanın paytaxtındadır.
Tehran güzəştə getməyə hazır olduğunu bildirir, hərçənd, Vaşinqtonun tələb etdiyi kimi uranın zənginləşdirilməsindən tamamilə imtina etmək fikrində deyillər.
Bununla yanaşı, İran Vaşinqtonun gələcəkdə potensial razılaşmanı birtərəfli qaydada ləğv etməyəcəyinə dair müəyyən təminatlar istəyir.
İkinci raund keçirilmədən bir gün əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi Moskvada olub və orada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Görüşdən sonra Lavrov bildirib ki, Moskva İranın qanuni maraqlarını nəzərə almaq şərti ilə Vaşinqton və Tehran arasında razılaşmanın əldə olunmasına töhfə verməyə hazırdır.
Ötən gün İranla bağlı danışan ABŞ prezidenti Donald Tramp İranın nüvə silahına malik olmaması ilə bağlı mövqeyini bir daha təkrarlayıb.
İran və ABŞ arasında dolayı danışıqların birinci raundu aprelin 12-də Maskatda keçirilib. Vaşinqton görüşü müsbət və konstruktiv qiymətləndirib, Tehran isə dostluq mühiti və qarşılıqlı hörməti vurğulayıb.