Britaniya səfirliyi "Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi" haqqında qanunun əsas insan hüquqlarını sarsıtdığını bildirir
Britaniya səfirliyi "Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi" haqqında qanunun əsas insan hüquqlarını sarsıtdığını bildirir

 
Böyük Britaniyanın Gürcüstandakı səfirliyi “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi” haqqında qanunun əsas insan hüquqlarını sarsıtdığını bildirir.

Bu haqda səfirliyin səhifəsində yayılmış bəyanatda qeyd olunub.

Britaniya səfirliyi Gürcüstan hakimiyyətini “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunvericilik paketinə yenidən baxmağa çağırır.

“Böyük Britaniya Gürcüstan Parlamenti tərəfindən “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi” haqqında qanunvericilik paketinin üçüncü oxunuşda qəbul edilməsindən ciddi narahatlığını ifadə edir.

Bu qanunvericilik paketi əsas insan hüquqlarını, o cümlədən ifadə və sərbəst toplaşmaq azadlığını sarsıdır və Gürcüstan əhalisinin bir hissəsinin sonrakı damğalanması və ayrı-seçkiliyə məruz qalması riskini yaradır. Bu qanunvericilik paketi Gürcüstanın bütün vətəndaşlarına təsir edəcək.

Qanunvericilik paketinin Venesiya Komissiyasının ona “tamamilə yenidən baxılmalı və qəbulu dayandırılmalıdır” məsləhətinə məhəl qoyulmadan qəbul edildiyinə görə məyusuq.

Gürcüstan hakimiyyətini “Xarici təsirin şəffaflığı haqqında” qanunla birlikdə həm vətəndaş cəmiyyətinin, həm də ayrı-ayrı Gürcüstan vətəndaşlarının hüquqlarını məhdudlaşdıran, Britaniya və Gürcüstan arasında uzun illər davam edən münasibətləri şübhə altına alan “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunvericilik paketini nəzərdən keçirməyə çağırırıq” – Britaniya səfirliyinin bəyanatında deyilir.