Britaniya mediası – İlon Mask “Ukrayna sülh planı”nı açıqlamazdan əvvəl Putinlə danışıb

22:34, 11.10.2022

 

“The Guardian”ın məlumatına əsasən “Ukrayna sülh planı”nı dərc etməzdən əvvəl Space X-in yaradıcısı İlon Mask Rusiya prezidenti Vladimir Putinlə danışıb.

Politoloq və “Eurasia Group”un qurucusu Yan Bremer “Eurasia Group” abunəçilərinə göndərdiyi məktubunda dünyanın ən varlı adamının ona Putinin söhbətdə Krımın Rusiya ərazisi olaraq qalması və Ukraynanın Luqansk, Donetsk, Xerson və Zaporojienin ilhaqını tanıması şərtilə “danışıqlara hazır olduğunu” təsdiq etdiyini söylədiyini yazır. Yan Bremerin açıqlamasına görə, Putin Maska bildirib ki, Ukrayna Krımı işğal edərsə, nüvə silahından potensial istifadə də daxil olmaqla, yuxarıda göstərilən məqsədlərə hər şey bahasına nail olunacaq. Maskın cavabı isə belə olub: “Hadisələrin bu ssenaridə inkişafının qarşısını hər şəkildə almaq lazımdır”.

Bununla yanaşı, Bremer İlon Maskın ukraynalıların Starlink texnologiyasından istifadə edərək Krımda peyk internet bağlantısının təmin edilməsi tələbini yerinə yetirməkdən imtina etdiyini bildirib.

Xatırladaq ki, ötən həftə İlon Mask “Twitter” səhifəsində “Ukrayna sülh planı”nı yayıb və bu plana BMT-nin nəzarəti altında Xerson, Zaporojie, Luqansk və Donetskdə referendumun yenidən keçirilməsi, eləcə də Krımın Rusiyanın tərkibində saxlanılması və Ukraynanın neytral statusunun təmin edilməsi daxil idi.

İlon Maskın planı Ukrayna hakimiyyəti tərəfindən sərt tənqid edilib, Moskva isə bunu müsbət qarşılayıb. Cavabında Mask yazıb ki, o, hələ də “Ukraynayönümlüdür, lakin nüvə müharibəsini aradan qaldırmağa çalışır”.

Britaniyanın daha bir nəşri Teleqraf da eyni mövzuda yazır.

Oxşar